Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb

19 Noyabr 2025 15:37 (UTC+04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşublar. SİA-nın bölgə müxbiri xəbər verir ki, Qırmızı Bazar qəsəbəsi bu gün 21 ailə olmaqla, 89 nəfərə qucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.