Qadın sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir - KOBİA sədri

19 Noyabr 2025 15:35 (UTC+04:00)

Qadın sahibkarların biznes fəaliyyətinə başlaması və genişləndirməsi üçün əlverişli mühitin yaradılması, eləcə də onların qarşılaşdığı maneələrin aradan qaldırılması müasir dünyamızda əksər hökumətlərin qarşısında duran çağırışlardan biridir. KOBİA-dan SİA-ya bildirilib ki, bu barədə noyabrın 19-da “Qadın Sahibkarlığının İnkişafı Sammiti 2025” tədbirində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hətta qlobal səviyyədə belə 50 il bundan əvvəl öz şirkətini idarə edən qadın sahibkar ideyası əksər hallarda ambisiyalı xəyal kimi görünə bilərdi. Lakin bu gün qadınlar müasir texnologiyaların inkişafı fonunda müxtəlif sektorlarda öz bizneslərini yaradır və idarə edirlər: “Beynəlxalq araşdırma göstərir ki, ilkin mərhələdə daha az maliyyələşməsinə baxmayaraq, qadın startaplar sonradan kişi həmkarlarını performans baxımından üstələyir və 5 illik fəaliyyəti ərzində 10 faiz daha artıq gəlir yaradır. Həmçinin,qadın startaplar investisiyaların gəlirə çevrilməsi baxımından da daha effektiv olurlar və yatırılmış hər 1 dollar üzrə 78 sent gəlir əldə etməyi bacarırlar. Ölkəmizdə də qadın sahibkarlığın inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan qadınları bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb, tarixən mərdliyi, müdrikliyi və sədaqəti ilə seçilib. 2025-ci il yanvarın 1-nə olan rəsmi məlumatlara əsasən, ölkəmizdə məşğul əhalinin 48 faizini qadınlar təşkil edir. 2025-ci ilin əvvəlinə olan göstəricilərə görə ölkəmizdə fəaliyyət göstərən fərdi sahibkarların 23,3 faizi qadınlardır”.

O.Məmmədov, həmçinin nəzərə çatdırıb ki, KOB sektorunda da kifayət qədər qadın sahibkarlar var. Belə ki, 2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın hüquqi şəxs KOB subyekti qeydiyyatdan keçib. Bununla da, təsisçisi qadın olan hüquq şəxs KOB-ların sayı 13 mini ötüb ki, bu da 2023-cü il ilə müqayisədə 9 faiz artım deməkdir.

Qeyd olunub ki, KOBİA olaraq qadın sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Qadınların KOB sektorunda geniş təmsilçiliyi inkluziv iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 2022-ci ildə qəbul olunmuş mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanununda qadın sahibkarlığının təbliği təsbit olunub. Eyni zamanda, KOBİA-nın dəstəyi ilə Qadın sahibkarlığı üzrə milli standart hazırlanaraq qəbul olunub: “Ümumilikdə isə KOBİA 2 mühüm istiqamət üzrə qadın sahibkarlığın inkişafını təşviq edir. Belə ki, qadınlar həm KOBİA-nın təqdim etdiyi dəstək alət və mexanizmlərdən fəal şəkildə istifadə edirlər, həm də KOBİA özəl və dövlət tərəfdaşları ilə birgə sırf qadınlara yönəlik layihə və proqramlar həyata keçirir. Birinci istiqamət üzrə statistikaya nəzər salsaq, KOBİA tərəfindən 33 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant verilib. 32 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi təqdim edilib. KOB İnkişaf mərkəzlərinin keçirdiyi təlim və məsləhət xidmətlərindən 23 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın faydalanıb. Həmçinin 1000-ə qədər qadın sahibkarın isə xidmət və məhsullarının sərgilənməsinə dəstək göstərilib”, -deyə KOBİA sədri vurğulayıb.