Bir kəlmə “səni anlayıram” ən bahalı dərmandan daha təsirlidir…

19 Noyabr 2025 14:57 (UTC+04:00)

Bəzən elə olur ki, sakit-sakit oturursan, amma kənardan birinin əsəbi nəfəsini, gərgin baxışını, səbəbsiz qıcıqlanmasını hiss edirsən. Sanki dünyanın ritmi sürətlənib, insanlar isə bu sürətə tab gətirə bilmədikcə aqressiya yığıb partlayırlar. Amma sual budur: insanları doğrudan da nə aqressiv edir?

Əslində aqressiya bir anda yaranmır. İnsan içində toplaya-toplaya, susa-susa, boğula-boğula qəzəbə çevrilir. Səhər işə gedəndə avtobusda birinin çiyninə toxunması, iş yerində bir sözün yerində deyilməməsi, evdə kiminsə əsəbi tonu… Bunlar heç biri ayrı-ayrılıqda problem deyil. Problemlər onları yaşamış, yorulmuş, yükü artmış insanın içində böyüyür.

Digər tərəfdən, insanlar özlərini eşidilmədiklərini düşünəndə də aqressivləşirlər. Heç kim boş-boşuna qışqırmır axı. Qışqıran adamın səsi çox vaxt illərlə içində boğulan sözlərin nəticəsidir. “Məni niyə anlamırlar?” hissi insanı içəridən yeyib aqressiv edir.

Bir də var sosial şəbəkələrin yaratdığı görünməz sıxıntı. Hər kəs xoşbəxt, hər kəs uğurlu, hər kəs mükəmməl… Bu görüntülər insanın üzərinə elə bir təzyiq qoyur ki, o da özünü gec-tez gərginliklə ifadə edir. Reallıqla vitrindən göstərilən həyat arasındakı fərq də insanı əsəbi edir.

Aqressiyanın bir səbəbi də qorxudur. İnsanlar itirməkdən, sevilməməkdən, dəyər verilməməkdən, yanılmaqdan qorxurlar. Qorxu nə qədər güclənərsə, aqressiya da bir o qədər artar. Çünki insan öz zəifliklərini ört-basdır etmək üçün “möhkəm görünməliyəm” deyib sərtləşir.

Bəzən isə sadəcə bir qucaq sevgi, bir dəfə “səni başa düşürəm” demək, bir az mehribanlıq yetər ki, içindəki qəzəb sözü bitsin. Çünki aqressiya çox vaxt pis insanlıqdan yox, yorğunluqdan, dəyərsizlikdən və sevgisizlikdən doğur.

Ən qəribəsi isə budur: aqressiv görünən insanların çoxu əslində ən kövrək olanlardır. Sadəcə bunu heç kim görmür.
İnsanlar niyə aqressivləşirlər? Bu sual bəzən ən sakit görünən adamın içində belə cavabsız qalır. Çünki heç kim özünü aqressiv adlandırmaq istəmir. Amma sən demə, insanın əsəbi gəlib ürəyinin qapısını döyən ilk hiss deyil, o qapının arxasında illərlə yığılan toz-du, yorğunluqdu, inciklikdi.

Ən xırda şeylərdən belə əsəbiləşən insanlara baxıb çoxu “necə də əsəbidir” deyir. Amma heç kim düşünmür ki, bəlkə o insan dünən gecə səhərə qədər yatmayıb… Bəlkə içində kimsənin bilmədiyi bir ağrı daşıyır… Bəlkə heç kəsə demədiyi bir savaşın ortasındadır. Çünki aqressiyanın altında həmişə görünməyən hekayələr yatır.

Bəzən də insan özünü ifadə edə bilməyəndə aqressiv olur. Daxildə nə düşündüyünü, nə hiss etdiyini danışmağa söz tapmır, ya da danışdığı adam anlamır. Bu anlaşılmazlıq insanı içində sıxır, boğur, bir yerdən sonra özünü müdafiə forması kimi aqressiya çıxır ortaya. Sakit adam belə bir gün qışqırır. Və maraqlısı, həmin gün ətrafındakılar o qışqırığı yenə də anlamır.

Həyatın sürətlənməsi də insanları sərtləşdirir. Hər kəsin üzərində bir “çatdırmaq” təzyiqi var. Çatdır işə, çatdır dərsə, çatdır ödənişə, çatdır ailəyə, çatdır özünə… Bu “çatdırmaq” sözü özü insanı yorur. Yorulan insanın isə səbr payı azalır. Azalan səbr də aqressiyaya yol açır.

Bir də var ailədən gələn aqressiya. Valideynlərin uşaqlıqdan içimizə yerləşdirdiyi sözlər -“əzilmə”, “özünü göstər”, “sənə söz deyən olsa cavab ver”, “sakit olma, səni əzərlər”. İnsan böyüyür, amma o sözlər böyüklüyümüzün içində gizlənmiş kiçik bombalar kimi qalır. İllər sonra hansısa məqamda partlayır.

İnsan münasibətlərində də aqressiya çox vaxt sevginin çatışmazlığından yaranır. Birini çox sevirsən, amma o səni anlamır. Ya da sənə dəyər verməyən insanlara dəyər verirsən. O zaman insan içində yığılan tükənmişliyi, kənara aqressiya kimi atır. Çünki ürəyinə deyə bilmədiyini dilinə deyir.

Sosial şəbəkələr də insanın psixikasına yumşaq, amma davamlı zərbə vurur. Ətrafda hər kəs xoşbəxt görünür, hər kəsin həyatı rənglidir. Sən isə öz real həyatınla o rəngli vitrinləri müqayisə edirsən. Bu müqayisə özünü kiçiltməyə, özünü qınamağa aparır. Özünü qınayan insan bir müddət sonra başqalarına da əsəbiləşir. Çünki içindəki məyusluğu başqa heç kim hiss etmir.

Əslində isə aqressiv insanların çoxu sadəcə dinlənilməyə ehtiyac duyur. Bir kəlmə “səni anlayıram” bəzən ən bahalı dərmandan daha təsirlidir. Çünki insanın aqressiyası çox vaxt qəzəbdən yox, yetərincə sevilməməkdən yaranır.
Ən sonda isə belə bir həqiqət var: aqressiv görünənlər - ən çox incimişlərdir, sərt danışanlar - ən çox susmuşlardır, ətrafına bağıranlar - içinə çox şey yığanlardır.
İnsanlar aqressiv deyil… İnsanlar sadəcə yorğundur.

Günay Hacıyeva