"Sertifikasiya təşəbbüsü ortaya çıxanda ilk vaxtlar bir qədər düzgün qarşılanmamışdı və onun mahiyyəti də tam başa düşülməmişdi". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, maraqlıdır ki, həm sosial şəbəkələrdə, həm də mediada bu məsələ bir qədər fərqli şəkildə təqdim olunmuşdu.
Amma bu gün baxanda görürük ki, sertifikasiyadan keçən müəllimlərin əksəriyyəti müəyyən qədər məmnunluq ifadə edirlər. Çünki onların əməkhaqqısında dəyişikliklər baş verib. Məsələn, sertifikasiyadan keçmiş müəllimlərin 30 faizi əməkhaqqısına 10 faiz, 51 faizi isə əməkhaqqısına 35 faiz əlavə olunub.
Hazırda sertifikasiya prosesi demək olar ki, yekunlaşmaq üzrədir. Yalnız bir neçə fənn – texnologiya, tarix, musiqi, psixologiya – 2026-cı ildə keçəcək və yekunlaşdırılacaq. 2027-ci ildən isə artıq yeni iş rejiminə keçiləcək. Bu da o deməkdir ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin hamısı tam şəkildə sertifikatlaşdırılmış olacaq.
Bu baxımdan həm valideynlər, həm də müəllimlər tərəfindən məmnunluq yaranır. Valideyn düşünür ki, artıq qarşısındakı müəllim sertifikasiyadan keçib və onun bilik və bacarıqlarına, həmçinin idarəetmə qabiliyyətinə şübhə etməyə əsas yoxdur. Bu mənada sertifikasiyanın təhsil və elmə verdiyi faydaları artıq görmək mümkündür.