Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları digər aidiyyəti dövlət qurumunun mütəxəssisləri ilə birgə avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə profilaktik tədbir keçiriblər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrinin texniki sazlığının mütəmadi olaraq diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə həmin halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.
Qeyd edək ki, DİN bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bu il oktyabrın 20-dən noyabrın 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı elan edib. Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Bu sahədə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.