“Uğurlu siyasi dialoq təcrübəsi də YAP-ın təşəbbüsləri ilə zənginləşir” - DEPUTAT DANIŞDI

19 Noyabr 2025 12:55 (UTC+04:00)

“Siyasi partiyalar dövlətlərin taleyində vacib rol oynayır, siyasi sabitliyə, inkişafa və idarəetməyə təsir göstərir. Partiyalar cəmiyyət və dövlət arasında əlaqə vasitəsi kimi çıxış edir, dialoqu, siyasi maarifləndirməni və vətəndaşların siyasi həyatda iştirakını təmin edir. Hakimiyyətə gəldikdən sonra isə partiyalar dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, eləcə də qanunların hazırlanmasında və qəbul edilməsində iştirak edirlər. Regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası da 33 il əvvəl Azərbaycan tarixinin son dərəcə ağır, ölkədə gedən proseslərin idarəolunmaz xarakter aldığı bir vaxtda yarandı. Bu, elə bir dövr idi ki, ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə əsl xaos yaratmışdı və Azərbaycanın müstəqilliyi belə sual altında idi. Belə mürəkkəb dövrdə Azərbaycanın görkəmli ziyalılarının imzaladığı, ən yeni tariximizə “91-lərin müraciəti” kimi düşən müraciətdə böyük siyasətçi Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nigar Məmmədova deyib.

Depurat bildirib ki, Ulu Öndər Heydər Əliyev isə 91 nəfər ziyalının müraciətinə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətin nəticəsi kimi qiymətləndirmişdi: “Ulu Öndər hesab edirdi ki, bu partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Bu, strateji qiymətləndirmə idi. Beləliklə, 21 noyabr 1992-ci il Naxçıvanda müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Bu, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həyatında yeni mərhələyə yol açdı. 1993-cü ilin oktyabrında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi, bununla da Azərbaycan böhran vəziyyətindən çıxdı.
Xarici və daxili təxribatların aradan qaldırılması ilə ölkədə sabitlik yarandı, insanların gələcəyə inamı bərpa olundu. Yeni Azərbaycan Partiyasının bütün uğurları Azərbaycan xalqının, Azərbaycan dövlətinin uğurlarına çevrildi.
Həqiqətən də əgər o dövrdə Yeni Azərbaycan Partiyası yaranmasaydı, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə ola bilməzdi. İqtisadi və siyasi müstəqillik, həyata keçirilən uğurlu siyasət Azərbaycana yalnız uğur gətirdi. Respublikada həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün etdi.
Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətin inkişafında ciddi siyasi qərarların qəbulu prosesində ön mövqedədir. YAP həm də partiyalararası siyasi dialoqu stimullaşdırır. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi də məhz YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII Qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.
Ötən illər ərzində həyata keçirilən uğurlu neft strategiyası ölkənin iqtisadi potensialını və valyuta ehtiyatlarını artırıb. Ordu quruculuğu sahəsində atılan mühüm addımlar Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşmasına, nəhayət, tarixi Zəfərə imkan açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini əsaslı dəyişdi. Azərbaycan öz gücü hesabına 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi.
Bu illər ərzində Azərbaycan sabitlik və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib.
Yeni Azərbaycan Partiyasının gücü onun təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsindədir. 730 mindən çox üzvü özündə birləşdirən partiya üzvlərini səciyyələndirən əsas göstəricilər — vətənə sadiqlik və ümummilli maraqlara sədaqətdir. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini təşviq edir.
Güc faktorunun beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı bir vaxtda YAP hakim partiya olaraq öz siyasətini mövcud reallıqlara uyğun qurur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edir. Cənab Prezidentin də söylədiyi kimi: “YAP bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”