Gənclərdə motivasiya azlığının səbəbi nədir ? - ARAŞDIRMA

19 Noyabr 2025 12:37 (UTC+04:00)

Müxtəlif yaşlarda və ya inkişaf dönəmlərində insanların duyğu və düşüncələrində sözsüz ki, dəyişikliklər olur. Bu dəyişikliklərin ən sıx yaşandığı dönəmlərdən də biri məhz yeniyetməlik çağlarıdır. 9-10 yaşından sonra artıq yeniyetməlik dövrü başlayır, bu zaman bədəndə hormonal dəyişikliklər baş verir. Sözsüz ki, bütün bunlar da uşaqların hiss və duyğularında, davranışlarında özünü göstərir. Bu ruh düşkünlüyü də özünə qapanma, ünsiyyətdən qaçma, tənhalıq halları fonunda özünü göstərir. Bəzi uşaqlar bu vəziyyəti çox ağır depressiyalar şəklində yaşayır. Belə hallar çəkingən, özgüvəni aşağı, düşdüyü mühitə adaptasiya olmaqda çətinlik çəkən uşaqlarda daha çox müşahidə olunur. Bəzən bu vəziyyət, depressiv hallar o həddə çatır ki, yeniyetmə ümumiyyətlə otağından çıxmaq, ailə üzvləri ilə danışmaq istəmir. Bu tip uşaqlar belə vəziyyətlərdə daha çox telefona, televizora baxır və sosial şəbəkələrdə vaxt keçirir. Bu da təbii ki onun həm psixologiyasına, həm də sağlamlığına mənfi təsir edir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Gənclərdə ruh düşkünlüyünün əlamələri hansılardır?!

Əslində bunun siqnalı kiçik yaşlardan uşaqlarda hiss edilir. Belə ki, valideynlər çox zaman uşağın çəkingən olduğunu, ünsiyyətdən qaçdığını və s. bildirir və bunu xarakter əlaməti kimi vurğulayırlar. Xeyr, bu düzgün yanaşma üsuli deyildir. Bu sadaladığımız xüsusiyyətlər xarakter əlaməti deyil, əksinə bir sıxıntının, özgüvənsizliyin və psixoloji problemin kiçik siqnalıdır. Ona görə də valideynlər diqqətli olmalı və zamanında psixoloqa müraciət etməlidirlər.

Praktikada bir çox hallarda yeniyetmələrin aqressivlik nümayiş etdirdiyini və psixoloqa gəlmək istəməmələrini müşahidə edirik. Belə olan halda ən optimal çıxış yolu ailə terapiyasıdır. Yəni ilk öncə bir neçə dəfə valideynlər özləri seanslara gəlməli və bunun çox normal bir şey olduğunu övladına izah etməlidir. Beləcə artıq bir müddət sonra yeniyetmə heç bir kənar müdaxilə olmadan ailəsi ilə birlikdə özü psixoloq qəuluna getmək istəyəcək. Psixolji dəstək, psixoloqun və ailənin yardımları ilə yeniyetmələr bir müddət sonra bu kimi hallardan azad ola, qurtula bilərər.

Müasir dövrdə gənclər arasında motivasiya çatışmazlığı getdikcə daha çox müzakirə olunan sosial-psixoloji problemlərdən birinə çevrilib. Hədəf qoymaqda çətinlik çəkmək, başlanmış işləri yarımçıq buraxmaq, gələcəklə bağlı qeyri-müəyyənlik hissi və ümumi yorğunluq halları bu nəsildə daha geniş yayılıb. Motivasiya azlığının əsas səbəbləri, daha çox psixoloji və sosial amillərlə bağlıdır, həmçinin problemin aradan qaldırılması üçün mümkün yanaşmalar təhlil olunmalıdır.

Motivasiya azlığının kökündə duran səbəblər..

Motivasiya azlığının kökündə duran sosial faktorlar, ailənin və cəmiyyətin yüksək gözləntiləridir.
Gənclər üzərindəki ən böyük psixoloji təzyiqlərdən biri həddindən artıq yüksək sosial gözləntilərdir. Ailə və cəmiyyət tərəfindən tez-tez səsləndirilən “ən yaxşı olmalısan” tələbi gəncləri davamlı müqayisə və özünüqiymətləndirmə prosesinə salır. Uğursuzluq ehtimalının “qorxu amili”nə çevrilməsi motivasiyanın azalmasına və performansın zəifləməsinə səbəb olur.

Sosial medianın təsiri

Sosial şəbəkələr gənclərin həyat tərzində mühüm rol oynayır, lakin filtrlənmiş uğur hekayələrinin ardıcıllığı real həyatla uyğun gəlmir. Başqasının idealizə olunmuş həyatı ilə özünü müqayisə etmək gənclərdə özünəinamın zəifləməsinə, nəticədə məqsədyönlülüyün azalmasına gətirib çıxarır. Bu proses motivasiyanın tədricən “içdən aşınması”na səbəb olur.

Psixoloji faktorlar

Bir çox gənc gələcək planlarını şəxsiyyətinə, qabiliyyətlərinə və maraqlarına uyğun şəkildə qurmur. Bunun əsas səbəbi onların yetərincə özünü tanımasına şərait yaradılmaması, həm məktəb sisteminin, həm də sosial mühitin bu istiqamətdə dəstəyinin zəif olmasıdır. Öz məqsədini dəqiq bilmeyən insan üçün motivasiya davamlı qala bilmir.

Xroniki psixoloji yorğunluq sindiromu

İnformasiya bolluğu, davamlı xəbər axını, təhsil və iş təzyiqləri gənclərdə psixoloji yüklənməyə səbəb olur. Bu yük fizioloji və emosional tükənmə yaradır ki, bu da motivasiyanın azalmasının əsas mexanizmlərindən biri hesab edilir.

Motivasiya azlığının yaratdığı fəsadlar..

Motivasiyanın azalması yalnız şəxsi inkişafın ləngiməsi ilə məhdudlaşmır. Bu problem gənclərin, təhsildə aktivliyinə, iş həyatına hazırlığına, sosial münasibətlərinə, emosional sağlamlığına birbaşa təsir göstərir.
Uzunmüddətli perspektivdə isə cəmiyyət üçün potensial insan kapitalının tam istifadə edilməməsi problemini yaradır.

Problemin həlli istiqamətləri ..

Motivasiyanın formalaşması üçün gənclərin gündəlik kiçik məqsədlər müəyyən etməsi daha real və davamlı nəticələr verir. Böyük məqsədlər motivasiya yaratsa da, tez yorulmağa və prosesdən soyumağa səbəb ola bilir.

Sağlam müqayisə modelinin yaradılması

Gənclərə özlərini başqaları ilə deyil, öz əvvəlki vəziyyətləri ilə müqayisə etməyin daha sağlam olduğu öyrədilməlidir. Bu yanaşma həm özünəinamı möhkəmləndirir, həm də motivasiyanın stabil qalmasını təmin edir.
Dəstək və anlayış mühitinin gücləndirilməsi çox vacibdir.
Ailə, məktəb və cəmiyyət gənclərə tənqid yox, anlayış və düzgün istiqamət verməlidir. Gənclərin özünü ifadə edə biləcəyi mühit yaratmaq motivasiya üçün ən vacib faktorlardan biridir.
Gənclər arasında motivasiya azlığı onların zəifliyinin göstəricisi deyil, bu, yaşadıqları dövrün sosial, iqtisadi və psixoloji çətinliklərinin təzahürüdür. Problemin aradan qaldırılması üçün fərdi yanaşma, həm də cəmiyyət səviyyəsində dəyişiklik tələb olunur. Gənclərin dəstəklənməsi, onların güclü tərəflərinin üzə çıxarılması və real hədəflərə yönləndirilməsi motivasiyanın bərpasında əsas rol oynaya bilər.

Günay Hacıyeva