“Büdcə dayanıqlığı uzunmüddətli iqtisadi artımın əsas dayağıdır” - Azər Əmiraslanov

19 Noyabr 2025 11:20 (UTC+04:00)

“Dəstəklədiyimiz büdcə siyasəti uzunmüddətli dövr üçün yüksək məhsuldarlığa əsaslanan iqtisadi artıma mühüm təkan verəcək. İqtisadiyyatın strukturunda müşahidə olunan meyillər göstərir ki, neft sektoru nə durğunluq mərhələsindədir, nə də qısa müddətdə asanlıqla tənzimlənməsi mümkün olan bir kateqoriyadır. 2026-cı il üzrə iqtisadi artım proqnozlarının strukturunda baş verən dəyişikliklər də məhz neft hasilatının azalması ilə bağlıdır”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Komitə sədri qeyd edib ki, hasilatın azalması struktur transformasiyası nəticəsində qeyri-neft sektorunun artım templərinə də təsir göstərə bilir, lakin bu, neft sahəsində tənəzzül kimi qiymətləndirilməməlidir: “Azərbaycanın neft sənayesi üzrə bütün hasilat proqnozları hələ "Əsrin müqaviləsi" çərçivəsində müəyyən olunmuş geoloji və texniki qiymətləndirmələrə əsaslanır. Faktlar da bunu təsdiqləyir: 1995-ci ildə 9 milyon ton olan neft hasilatı 2010-cu ildə 51 milyon tona yüksəlib, 2020-ci ildə 34 milyon ton, 2025-ci ilin ilk 10 ayında isə 23 milyon tona düşüb. Bu dinamika əvvəldən nəzərdə tutulmuş təbii azalma prosesidir”.

Deputat bildirib ki, neft hasilatındakı dəyişikliklər dövlətin iqtisadi strategiyasında və büdcə planlaşdırmasında tam nəzərə alınır: “Büdcə dayanıqlığı yeni büdcə zərfinin həm məqsədi, həm də əsas riskinin idarə olunması baxımından mühüm rol oynayır. Dövlət xərcləri uzunmüddətli gəlir mənbələri ilə uzlaşdırılmalı, gəlirlər qlobal qiymət dəyişikliklərinə həssas olmamalı, kəsir idarə olunan səviyyədə saxlanılmalı, dövlət borcu isə əlavə yük yaratmamalıdır”.

Azər Əmiraslanov vurğulayıb ki, dayanıqlı büdcə yalnız dayanıqlı gəlirlər əsasında formalaşa bilər: “Makroiqtisadi sabitliyin qorunması, antiinflyasiya siyasətinə dəstək və maliyyə sabitliyinin təmin edilməsi büdcə zərfinin əsas missiyasıdır. Büdcə və pul siyasətinin uzlaşdırılması isə inflyasiyanın cilovlanmasına xidmət edir. Təqdim olunan layihə öz xarakterinə görə proaktiv, ölçülmüş və qabaqlayıcı fiskal siyasətin mesajını verir”.

Komitə sədrinin sözlərinə görə, konservativ xərcləmə siyasəti iqtisadi artımla paralel aparıldığı halda hökumət məsuliyyətli və strateji büdcə kursu nümayiş etdirir: “Bu, gələcək illər üçün ehtiyatların artırılması və büdcənin manevr imkanlarının genişlənməsi deməkdir”.

Deputat həmçinin bildirib ki, büdcə layihəsinin ən mühüm cəhətlərindən biri sənaye və iqtisadiyyatdakı struktur dəyişikliklərinin dövlət gəlirlərində real əksini tapmasıdır: “2026-cı ilin dövlət büdcəsi gəlirlərinin 43 faizi, yəni 16,4 milyard manatı neft sektorundan, 57 faizi və ya 22,2 milyard manatı isə qeyri-neft sektorundan formalaşır. Bu isə iqtisadiyyatın diversifikasiyasının praktiki nəticəsidir”.