Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 17-19-da İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü payız sessiyasında iştirak edib. SİA xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən payız sessiyası “ATƏT-in 50 ili: dialoq və əməkdaşlıq vasitəsilə çoxtərəfli əməkdaşlığın yenilənməsi” mövzusuna həsr edilmiş parlament konfransı, açılış iclası, üç tematik sessiya, Aralıq dənizi Forumunun toplantısı və daimi komitənin iclasından ibarət olub.
Rəsmi proqram çərçivəsində TÜRKPA nümayəndə heyəti tərəfdaş və müşahidəçi qurumlara açıq olan əsas sessiyalarda iştirak edib, dialoq, mediasiya, regional əlaqəlilik, insan ləyaqəti və ATƏT regionunda parlamentlərarası əməkdaşlıq mövzularında keçirilən müzakirələrdə fəal mövqe nümayiş etdirib.
Sessiya çərçivəsində, həmçinin türk dövlətlərinin parlamentləri arasında qarşılıqlı institusional əlaqələrin gücləndirilməsi məqsədilə TÜRKPA-nın milli nümayəndə heyətlərinin ilk koordinasiya görüşü baş tutub.
Səfər zamanı Baş katib Ramil Həsən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montella ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli əlaqələrin dərinləşdirilməsi və ortaq parlamentar hədəflərin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.
Səfərdə Baş katibi onun müavini Muhammet Alper Hayali və komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.