Azərbaycan və Belarus XTQ mənsubları görüşüb

18 Noyabr 2025 20:18 (UTC+04:00)

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib.

SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin “N” hərbi hissəsini ziyarət ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb, ehtiram nümayiş etdirilib.

Qonaqlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran təklifləri müzakirə ediblər.

Qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.