“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə işğaldan azad olunmuş ərazilərə köç prosesi ardıcıl və sürətli şəkildə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə aparılan məqsədyönlü siyasət, həyata keçirilən infrastruktur layihələri, yeni yaşayış sahələrinin salınması, sosial obyektlərin, məktəb və xəstəxanaların, eyni zamanda digər ictimai və inzibati binaların tikintisi Böyük Qayıdış proqramının uğurla reallaşdırıldığını nümayiş etdirir:
”Bugün artıq Cəbrayıl şəhərinin mərkəzinə köç baş tutub. Bununla yanaşı, Cəbrayıl rayonunun Horovlu kəndinə də ailələrin köçürülməsi təmin edilib. Bu, təkcə bir yaşayışın bərpası deyil, həm də illərlə həsrətində olduğumuz torpaqlara həyatın yenidən qaytarılması deməkdir. Bu addımlar özlüyündə dövlətin və Prezidentin vətəndaşa, yurduna bağlılığının bariz nümunəsidir.
Köç prosesinin bu qədər sürətli və planlı şəkildə icra olunması onu göstərir ki, dövlətimiz sadəcə fiziki olaraq ərazilərin azad olunması ilə kifayətlənmir, bu torpaqlarda tamhüquqlu həyatın bərpası üçün də bütün imkanlarını səfərbər edib”.