Sosial mediada saxta xoşbəxtlik

18 Noyabr 2025 16:57 (UTC+04:00)

Bəzən elə gəlir ki, hər kəsin həyatı bizdən daha gözəldir. Hamı gülür, səyahət edir, sevgililəri ilə romantik şəkillər paylaşır, dostları ilə “ən xoşbəxt gün” fotolarını atır. Amma ekranı bağlayanda bu xoşbəxtliyin çoxu makiyaj kimi silinib gedir. Sosial media sanki real həyatı deyil, “ideal” həyatı göstərmək üçün yaradılıb.

İndi insanlar hisslərini yox, filtrlərini paylaşır. Kədərli bir insan belə “mükəmməl gün” yazıb, gülümsəyən foto yerləşdirir. Həmin anda o, bəlkə də otağında tək oturub ağlayır, amma “like” sayının çoxluğu bir anlıq da olsa ona “mən də dəyərliyəm” hissini verir. Artıq xoşbəxt olmaq yox, xoşbəxt görünmək daha vacib olub. Biz o qədər xoşbəxt görünməyə çalışırıq ki, xoşbəxt olmağı yavaş-yavaş unuduruq.

Əsl problem ondadır ki, bu saxta mükəmməllik təkcə paylaşanları deyil, baxanları da zəhərləyir. Gənclər başqalarının parlaq, filtrlənmiş həyatına baxıb öz həyatını mənasız, darıxdırıcı hesab edir. Halbuki, heç kim paylaşmır ki, o fotonun öncəsində neçə dəfə kadr dəyişib, ya da o təbəssümün arxasında nə qədər yorğunluq var. Biz bir-birimizi real insanlar kimi yox, “montaj olunmuş versiyalarımız” kimi tanıyırıq.

Sosial mediada hamı gülümsəyir, amma az adam xoşbəxtdir. Hər kəsin profilində rəngli şəkillər, amma içində boz günlər var. Bəzən o fotoların arxasında sönən ümidlər, alınmayan planlar, qırılmış ürəklər gizlənir. Amma heç kim göstərmir. Çünki artıq həqiqi olmaq yox, “bəyənilmək” önəmlidir.

Bəlkə də xoşbəxtliyin mənası dəyişib – indi o, reallıqda deyil, ekran arxasında yaşayır. İnsanlar bir-birinin xoşbəxtliyinə baxaraq, öz həyatını sorğulamağa başlayır. Amma unutmaq olmaz: heç bir filtr, heç bir “story” insanın içindəki boşluğu doldura bilmir.

Bəzən xoşbəxtlik paylaşmaqda deyil, sadəcə yaşamaqdadır. Telefonu bir kənara qoyub pəncərədən baxmaq da, bir dostla səmimi söhbət də, ya da sadəcə sakitcə nəfəs almaqdadır. Bəlkə də xoşbəxtlik, heç paylaşmadığımız o sadə anlardadır.