“Nəzarətsiz antibiotik qəbulu bu gün ictimai sağlamlıq üçün ən ciddi problemlərdən biri hesab olunur və biz həkimləri narahat edən mövzulardan biridir” . Bu sözləri SİA-ya açıqlamasında həkim Fidan Həsənli deyib.

Onun sözlərinə görə, əhali arasında antibiotikin yeri yersiz qəbulu mövzusunda maarifləndirmənin artırılması son dərəcə vacibdir: “Antibiotiklər yalnız bakterial infeksiyaların müalicəsində təsirli olan dərmanlar olsa da, çox vaxt insanlar onları virus mənşəli soyuqdəymə, qrip, öskürək kimi xəstəliklərdə də istifadə edirlər. Bu yanlış vərdiş təkcə müalicənin effekt verməməsi ilə nəticələnmir, həm də orqanizmdə müxtəlif fəsadlar yaradır. Antibiotiklərin həkim nəzarəti olmadan qəbulu orqanizmin təbii mikroflorasını pozur, həzm sisteminin normal fəaliyyətinə mane olur və nəticədə bağırsaq pozğunluğu, göbələk infeksiyaları, immunitetin zəifləməsi kimi problemlərin yaranmasına yol açır. Eyni zamanda nəzarətsiz istifadə immun sistemini zəiflədərək insanı daha asan xəstələnən hala gətirir.
Antibiotiklərin ən ciddi fəsadlarından biri antibiotikə davamlılığın yaranmasıdır. İnsan antibiotiki düzgün dozada və lazımi müddətdə qəbul etmədikdə bakteriyalar həmin dərmana qarşı müqavimət qazanır. Bu isə gələcəkdə həmin antibiotiklərin təsirsiz qalmasına və infeksiyaların daha ağır, uzunmüddətli və çətin müalicə olunan formaya keçməsinə səbəb olur. Bu gün dünya səhiyyəsinin ən böyük problemlərindən biri məhz antibiotikə davamlılıqdır və nəzarətsiz istifadə bu təhlükəni daha da gücləndirir. Bundan əlavə, antibiotiklərin özbaşına qəbulu allergik reaksiyalar yarada bilər. Bu reaksiyalar bəzən yüngül səpgilər şəklində olsa da, bəzi hallarda nəfəs darlığı, ödəm, hətta həyati təhlükə yaradan anafilaktik şokla nəticələnə bilər. Antibiotiklərin qaraciyər və böyrəklərə əlavə yük saldığı da məlumdur, çünki bu orqanlar dərmanların parçalanması və bədəndən xaric olunmasında əsas rol oynayır. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün bu fəsadlar daha ciddi nəticələrə gətirib çıxara bilər.
Antibiotik qəbulundan sonra ortaya çıxan ishal, ürəkbulanma və qusma kimi əlamətlərin artması da geniş yayılmış narahatlıqlardandır. Pasiyentlərin bu yöndə şikayətləri xeyli artıb. Bunun əsas səbəbi antibiotiklərin bağırsaq mikroflorasını zədələməsidir. Faydalı bakteriyaların azalması bağırsaqların normal fəaliyyətini pozur və nəticədə ishal, qarın ağrısı, köp, iştahasızlıq kimi simptomlar yaranır. Bəzi antibiotiklər isə mədə selikli qişasını qıcıqlandıraraq ürəkbulanma və qusma hissini gücləndirir. Bu əlamətlər çox vaxt dərman qəbul etdikcə başlayır və müalicə bitdikdən sonra tədricən azalır. Lakin ishal uzun sürərsə, yüksək hərarətlə müşahidə olunarsa və ya qanlı olarsa, bu artıq ciddi infeksiyanın göstəricisi ola bilər və təcili tibbi müdaxilə tələb edir. Belə halların qarşısını almaq üçün antibiotiklər yalnız həkim tərəfindən təyin edilməli, qəbul qaydalarına ciddi əməl olunmalı və lazım gəldikdə mütəxəssis məsləhəti ilə probiotiklərdən istifadə edilməlidir. Probiotiklər bağırsaq mikroflorasının bərpasına kömək edir və antibiotiklə bağlı həzm pozğunluqlarının azalmasına şərait yaradır.
Antibiotiklər lazımi hallarda çox güclü və təsirli dərmanlardır, lakin onların nəzarətsiz və düşünülməmiş şəkildə qəbulu həm şəxsi sağlamlıq, həm də ictimai sağlamlıq üçün ciddi təhlükə yaradır. Hər bir insan bilməlidir ki, antibiotik yalnız düzgün diaqnoz qoyulduqda, həkimin göstərişi və nəzarəti ilə istifadə edilməlidir. Dozanın, qəbul müddətinin və qaydalarının dəqiq yerinə yetirilməsi isə həm müalicənin effektivliyini artırır, həm də fəsadların qarşısını almağa kömək edir. Bu səbəbdən antibiotik istifadəsinə məsuliyyətlə yanaşmaq və özbaşına dərman qəbulundan çəkinmək hər kəs üçün vacibdir”.
Müəlif: Hacıyeva Günay