"Ulu Öndərin ideyaları yaşayır və yaşadılır" - ŞƏRH EDİLDİ

18 Noyabr 2025 14:56 (UTC+04:00)

"21 noyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və ziyalıların istəyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Həmin dövrdə müxalif partiya kimi fəaliyyətə başlasa da, xalqın istəyi ilə bir müddət sonra Ulu Öndər Heydər Əliyev Bakıya gəldi, Azərbaycan xalqını ağır və çətin vəziyyətdən çıxardı, qardaş qırğınının qarşısını aldı. Daha sonra prezident seçilərək Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinə nail oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, 1995-ci ildən etibarən parlament seçkilərində də Yeni Azərbaycan Partiyası böyük əksəriyyətə malik olaraq aparıcı siyasi qüvvəyə çevrildi. Bu günədək partiya öz mövqeyini qoruyub saxlayır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Xüsusilə də Qarabağ probleminin həlli, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı zəfər, 2023-cü ildə suverenliyin tam bərpa olunması və Azərbaycanın üçrəngli bayrağının Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə dalğalanması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan məsələlərin reallaşdığını göstərir.

Partiyanın son prezident seçkilərində də xalq tərəfindən böyük dəstək alması, Prezident İlham Əliyevin yenidən seçilməsi Yeni Azərbaycan Partiyasının gələcək proqram və öhdəliklərini müəyyən etdi. Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib və yaratdığı reallıqlar dünya tərəfindən qəbul olunur.

Yeni Azərbaycan Partiyası həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində və referendumlarda hər zaman qələbə qazanıb. Dünyanın aparıcı siyasi partiyaları ilə əməkdaşlıq edir, partiyanın rayon və şəhər təşkilatları inkişaf etdirilir, sıralarında gənclər və qadınların sayı durmadan artır. İnanırıq ki, Azərbaycan var olduqca Ulu Öndərin ideyaları da yaşayacaq, Yeni Azərbaycan Partiyası hər zaman ölkənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini qoruyacaq".