Tələbələr narkotik vasitələrin təsirləri barədə məlumatlandırılıblar

18 Noyabr 2025 12:07 (UTC+04:00)

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində “Sağlam gələcək naminə narkotikə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu barədə SİA-ya Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Rayon Polis Şöbəsinin əməkdaşı, Peşə Tədris Mərkəzinin direktor müavini, müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib.Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilib.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.