"Azərbaycan ailə modelində valideynlər övladlarının gələcəyi üçün bütün imkanlarını səfərbər etməyə çalışırlar. Onların yaxşı təhsil alması, mənzil və minik vasitəsi ilə təmin olunması, rahat şəkildə ailə qurması kimi hədəflər valideyn məsuliyyətinin yüksək səviyyəsini göstərir və milli mentalitetin müsbət cəhəti kimi dəyərləndirilir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
.jpg)
Onun sözlərinə görə, lakin bu yanaşmanın arxa fonunda müəyyən risklər də mövcuddur: "Valideynlər hər şeyi övladlarının qarşısına hazır şəkildə qoyduqda, bu davranış uşaqlarda “mənsiz də hər şey olacaq” düşüncəsini formalaşdıra bilər. Hazır imkanların bolluğu övladın şəxsi təşəbbüskarlığını zəiflədir, çünki o, çox vaxt nəyəsə nail olmaq üçün öz gücünü ortaya qoymağa ehtiyac duymur. Bu isə gələcəkdə məsuliyyət hissinin inkişafına mane olur.
Çətinliklə üzləşməyən uşaqlar müstəqil həyatda daha çox problemlərlə qarşılaşırlar. Çünki mübarizə aparmağı, zəhmət çəkməyi, çıxış yolları axtarmağı öyrənmirlər. Halbuki müəyyən məhdudiyyətlər içində böyüyən uşaqlar daha çevik, bacarıqlı və məsuliyyətli olurlar. İnsan psixologiyası göstərir ki, komfort zona təşəbbüsü zəiflədir, passivlik yaradır və şəxsi məsuliyyəti azaldır.
Bu səbəbdən maddi imkanları yaxşı olan valideynlər belə övladlara zəruri ehtiyaclar çərçivəsində dəstək verməli, artıq sərbəst maliyyə təminatından çəkinməlidirlər. Həddindən artıq pul həm uşağı israfçılığa meyilləndirə, həm də onu daha çox rahatlığa alışdıraraq məsuliyyət hissini zəiflədə bilər. Tərbiyə prosesində “yoxdur” və “olmaz” kimi məhdudiyyətlərin də önəmi var. Bu sözləri eşitmədən böyüyən uşaqlar həyatın real çətinliklərinə hazır olmur, maddi və psixoloji gərginliklərlə qarşılaşanda daha tez çətinlik çəkirlər. Məhz məhdudiyyətlər uşağa məsuliyyətli davranmağı, qərarlarının nəticəsinə cavabdehlik daşımağı və zəhmətin dəyərini anlamağı öyrədir.
Valideynin övladına dəstək göstərməsi dəyərli olsa da, məsuliyyət hissinin formalaşması üçün imkanların ölçülü şəkildə təqdim edilməsi vacibdir. Valideynlərin əsas məqsədi övladlarını hazır nemətlərlə təmin etmək deyil, onları öz gücünə inanmağa, çalışqan və məsuliyyətli şəxsiyyət kimi yetişməyə sövq etmək olmalıdır".