Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Katalizatorların hazırlanması” laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova Almaniyanın Rostok şəhərində yerləşən və Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən biri olan Leybnits Kataliz İnstitutunda (LIKAT) bir ay müddətində elmi ezamiyyətdə olub.
SİA-nın məlumatına görə, İnstitutdan bildirilib ki, ezamiyyət müddətində Günel Əzimova LIKAT-ın Heterogen katalitik proseslər şöbəsində hazırda aktual və yüksək əhəmiyyət kəsb edən “Plastik tullantıların depolimerləşməsi” istiqamətində tədqiqat işləri aparıb. Xüsusilə o, son illərdə ekoloji cəhətdən daha dayanıqlı və təkrar emal edilə bilən bioplastik kimi tanınan polietilen furanoatın (PEF) depolimerləşməsi üzrə eksperimental araşdırmalar həyata keçirib.
Hazırkı tədqiqat mövzusu qlobal miqyasda ətraf mühitin mühafizəsi baxımından olduqca vacib sayılır. Belə ki, plastiklər müasir texnologiya və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, lakin eyni zamanda, ciddi ekoloji problemlərin mənbəyinə dönüb. Statistikalara əsasən, hər il dünyada 460 milyon tondan artıq plastik material istehsal olunur, lakin bu materialların cəmi 9 faizi təkrar emal edilir. Qalan hissəsi isə ya yandırılır, ya da torpağa basdırılır və nəticədə ətraf mühitə, torpaq və su resurslarına, həmçinin canlı orqanizmlərə mənfi təsir göstərir.
Plastik tullantıların idarə olunması bu gün bütün dünya üçün ciddi ekoloji problemə çevrilib. Günel Əzimovanın yerinə yetirdiyi tədqiqat məhz bu qlobal problemin aradan qaldırılmasına yönəlib. Onun apardığı tədqiqatlar plastiklər üçün dövri iqtisadiyyatın qurulmasına, yəni tullantısız və dayanıqlı istehsal modelinin inkişafına mühüm müsbət nailiyyətlər verir. Onun fəaliyyəti həm fundamental elmi, həm də tətbiqi sahədə qabaqcıl texnologiyaların inkişafına real töhfə vermək potensialına malikdir.
Gənc alim Günel Əzimova, həmçinin müxtəlif qabaqcıl fiziki-kimyəvi analiz metodları ilə tanış olub və praktik bacarıqlarını inkişaf etdirib. O, nümunələrin analizi üçün XRF, XRD, BET, FTIR spektroskopiyası, eləcə də SEM, TEM mikroskopiyası, TG/DTA və qaz xromatoqrafiyası kimi metodlardan istifadə edib.
Təcrübə dövründə gənc alim orada təşkil olunan bir sıra elmi seminarların fəal iştirakçısı olub, onun elmi fəaliyyəti və göstərdiyi təşəbbüskarlıq şöbə əməkdaşları tərəfindən yüksək qiymətləndirilib və nəticə etibarilə institut rəhbərliyi tərəfindən təşəkkür məktubu ilə təltif edilib.