“Tükənmişlik başqa sözlə, emosiaonal yanma fəaliyyətindən aslı olmayaraq bir çox insanlarda özünü göstərə bilər. Bu problemdən əziyyət çəkən insanlar psixoloqun, psixoterapevtin dəstəyindən yararlana bilərlər. Əks halda sonrakı mərhələrlərdə tükənmişlik sindromu depressiv hallara, xroniki stressə və özünə inamın azalmasına gətirib çıxara bilər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik (tibbi) psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq bildirib ki, xüsusilə depressiyanı vurğulamaq lazımdır: “Belə ki, depressiya və depressiv vəziyyət insanı elə bir hala gətirə bilər ki, insan “etmərəm” dediyi şeyləri belə edə bilər. Ona görə də tükənmişlik yaşayan insan buna dırnaqarası yanaşıb, gözardı etməməlidir və ya özü bunun fərqində deyilsə yaxınları, ailəsi bu problemdən qurtulmaq üçün ona dəstək olmalıdır. Əsas əlamətləri kimi, hər şeyə laqeyidlik, sevdiyi işlərdən həzz almamaq, motivasiyanın düşməsi, konsentrasiya çətinliyi və s. qeyd etmək olar.
Çox zaman belə bir sual ünvanlanır ki, “Emosional yanma sindromu, tükənmişlik yaşadığımı necə bilmək olar?”
Bunun üçün xüsusi testlər var ki, müraciət edən insanlar müayinələr zamanı o testlərdən keçirilir və ilkin psixoloji dəyərləndirmə zamanı problemin olub-olmamağı bu şəkildə müəyyən edilir. Burada fiziki əlamətləri və davranış əlamətlərini də vurğulamaq lazımdır. Beıə ki, fiziki əlamətləri kimi, yuxu pozuntuları, xroniki yorğunluq, bədəndə ağırlaşma, davranış əlamətləri kimi, işdən bezmək, hərşeydən qaçma istəyi, sosial təcrid və s. qeyd etmək olar.
Bəzən insanlar bu sindromdan qurtulmaq üçün doğru olmayan yollara əl atır, spirtli içkilər daha çox qəbul edir və ya onlarda digər zərərli vərdişlərin artması müşahidə olunur. Bunlar problemdən çıxış yolu deyil. Tükənmişlikdən çıxışın ən doğru yolu, düzgün psixoloji dəstək, stressin idarə olunması, sərhədlərin qurulması, bərpaedici istirahət və həyat ritminin yenidən qurulmasıdır. İnsan özünü dinləməyi, bədəninin siqnallarını qəbul etməyi və emosional ehtiyaclarını görməyi öyrəndikdə bu sindromdan tamamilə qurtula bilər. Beləliklə, zamanında psixoloji dəstək almaqla insanlar qısa bir zamanda tükənmişlik sindromundan qurtula və yenidən həyatına adaptasiya ola bilər.”