“Qərb Qəzzanın dağıdılmasını qəbul etməklə öz məzarını qazır...”

17 Noyabr 2025 21:35 (UTC+04:00)

...Hindistanlı filosof və yazıçı Pankaj Mişra özünün yeni "Qəzzadan sonrakı dünya" kitabında Qəzzaya qarşı müharibənin müasir tarixdə dönüş nöqtəsi olduğunu iddia edir.

O, inanır ki, bu, Qərbin İkinci Dünya Müharibəsindən bəri müdafiə etdiyi mənəvi sistemin çöküşünü ortaya qoydu.

SİA-nın məlumatına görə, "La Croix" qəzeti kitaba dair icmalına belə başlayır və iddia edir ki, Qərb dövlətlərinin - ilk növbədə ABŞ-ın - mövqeyi və İsrailə hərbi dəstəyi, məktəblərə və xəstəxanalara hücumlara və saysız-hesabsız mülki şəxslərin ölümünə baxmayaraq, nasistlərin məhv düşərgələrinin açılmasından sonra "Bir daha heç vaxt" şüarı altında müharibədən sonrakı dünya nizamının təməlini qoyan prinsiplərin rədd edilməsini əks etdirir.

Jurnalist Tomas Hoffinqin icmalına görə, müəllif Qəzza fəlakətinin yalnız yerli bir faciə deyil, həm də qlobal çevrilişin xəbərçisi və getdikcə güc tətbiq edən, özünə inamını itirən və bir vaxtlar müdafiə etdiyi dəyərlərdən uzaqlaşan tükənmiş bir dünyanın simptomu olduğuna inanır.

Qəzet qeyd edir ki, narahat və qəzəbli bir insan olan Mişra, Qəzzada baş verənləri qəbul etməklə Qərbin öz təməllərini dağıtdığına, hətta "öz məzarını qazdığının" belə fərqinə varmadığına əmindir.

Mişra kitabın ayrıca bir hissəsini İsrailin tarixi və ideoloji səyahətinə həsr edir: İkinci Dünya Müharibəsindən sonra rəğbət oyadan gənc bir ölkədən yəhudi ziyalılarının tənqidi də daxil olmaqla getdikcə daha çox narazılığa səbəb olan ekspansionist bir dövlətə çevrilməsi...

Kitabın təzyiqçi və həyəcanverici tonuna baxmayaraq, müəllif Amerika universitetlərindən Avropa küçələrinə qədər dünyanın hər yerindəki gənclər hərəkatlarında ümid şüası görür.

Gənclər susmaqdan imtina edir və İsrail siyasətini tənqid edən hər kəsə qarşı irəli sürülən antisemitizm ittihamlarından qorxma səddini aşırlar.

Mişranın sözlərinə görə, Qəzza 21-ci əsrdə çox sayda insan üçün yeni siyasi və mənəvi şüurun təməl anı hesab edilə bilər. Qəzzadan sonrakı dünya artıq əvvəlki kimi deyil - daha narahat və gərgin hala gəlib.

Qəzet qeyd edir ki, "Qəzzadan sonrakı dünya" gərginlik və qarışıqlıq içində bürümüş, lakin ədalət, dəyərlər və Qərbin dünya nizamının gələcəyindəki rolu ilə bağlı böyük sualların yaratdığı irəliləyişin mənzərəsini əks etdirir.

Əli Babayev