Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib

17 Noyabr 2025 17:07 (UTC+04:00)

Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşı Əkbər Tariyel oğlu Xəlilovun ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əkbər Xəlilov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.