Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP30-dakı fəal iştirakını davam etdirir - FOTOLAR

17 Noyabr 2025 16:27 (UTC+04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransında (COP30) iqlim dayanıqlığı, davamlı inkişaf və inklüziv keçidlərə dair yüksək səviyyəli müzakirələrdə fəal iştirak edib. Bu barədə SİA-ya mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə mərkəzin üzvləri - BMT Baş Assambleyasının 73-cü Sessiyasının Prezidenti Maria Fernanda Espinosa, “Fortescue” şirkətinin İdarə Heyətinin üzvü, “ExxonMobil” şirkətinin sabiq vitse-prezidenti Cin Baderşnayder və COP20 Prezidenti Manuel Pulgar-Vidal daxildir.

COP30 Yerli Liderlər Forumunda çıxış edən Maria Fernanda Espinosa şəhərlərin iqlim böhranına qarşı həm həssas, həm də transformativ güc mərkəzləri olduğunu vurğulayaraq ədalətli keçidin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Konfrans çərçivəsində mərkəzin nümayəndələri biomüxtəlifliyin qorunması, ekosistemlərin davamlı idarəedilməsi və yabanı fauna cinayətlərinə qarşı mübarizə mövzularında aparılan beynəlxalq təşəbbüslərə qoşulub, həmçinin COP29-un Bakıda formalaşan irsinin davam etdirilməsi üzrə tərəfdaşlarla fikir mübadiləsi aparıblar.

Mərkəz, eyni zamanda, Xəzər regionunda iqlim əməkdaşlığının gücləndirilməsinə həsr olunan “Global Dialogue and the Caspian Sea” prosesində iştirak edərək su səviyyəsinin azalması, çirklənmə və biomüxtəliflik itkiləri kimi ekoloji çağırışlara qarşı çoxtərəfli fəaliyyətin əhəmiyyətini önə çəkib.

COP30-da UNCTAD tərəfindən təşkil olunan xüsusi sessiyada mərkəzin üzvləri davamlı ticarət və sərmayənin milli iqlim öhdəliklərinin (NDC-lər) icrasında rolunu, eləcə də aşağı emissiyalı dəyər zəncirlərinin qurulması üzrə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.