"Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasında Zəngəzur dəhlizi məsələsinin yenidən gündəmə gətirilməsi və bu istiqamətdə geniş müzakirələrin aparılması ona görə baş tutdu ki, Mərkəzi Asiya ilə Azərbaycan münasibətlərinin gündəliyində bir sıra önəmli məsələlər yer alır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bu məsələlərdən biri də məhz tranzit layihələri ilə bağlıdır. Zəngəzur dəhlizi isə burada ən əlverişli alternativ olaraq çıxış edir və "Orta Dəhliz"in inkişafında, onun daha qısa zamanda, daha az xərc və risklərlə ticarət dövriyyəsinin artmasında mühüm zəncir rolunu oynayır.
Bu səbəbdən Zəngəzur dəhlizi məsələsinə toxunuldu və bu layihənin nə qədər əhəmiyyətli olduğu bir daha diqqətə çatdırıldı: "Əgər Zəngəzur dəhlizi açılarsa, bu, Orta Dəhliz"in tam şəkildə işə düşməsi demək olacaq. Bu dəhlizin açılması onun effektivliyini artıracaq və Mərkəzi Asiya ölkələrinin sənaye məhsulları da daxil olmaqla, digər ticari əhəmiyyət daşıyan yükləri Azərbaycan üzərindən və Zəngəzur dəhlizi vasitəsilə Avropa bazarlarına daha sürətli, təhlükəsiz və səmərəli şəkildə çıxarılacaq.
Bu isə regionda mövcud iqtisadi balansları dəyişəcək və yeni iqtisadi reallıqlar yaradacaq. Eyni zamanda, siyasətdə də güc balansını dəyişən faktor kimi çıxış edəcək. Çünki siyasət iqtisadiyyatdan ayrı deyil və iqtisadi gücə sahib olan dövlətlər daha müstəqil siyasət yürüdə bilirlər. Zəngəzur dəhlizinin açılması həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycan üçün əlavə iqtisadi dividendlər yaradacaq və bu, regionun siyasi və təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına təkan verəcək".