"Yeni il ərəfəsi dünyanın demək olar ki, bütün turizm bazarlarında aktivlik dövrüdür və artıq bayrama cəmi bir ay qalması həm daxili, həm də xarici istiqamətlərə marağı ciddi şəkildə artırır. İnsanlar bu dövrdə həm isti iqlim, həm də qış istirahəti təklif edən məkanlara üstünlük verir. Hazırda əsas tendensiya odur ki, səyahət edənlər daha çox həm büdcəsinə uyğun, həm də keyfiyyətli xidmət göstərən istiqamətləri seçirlər". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan daxilində qış turizmi ənənəvi olaraq böyük maraq görür. Qəbələ, Qusar (Şahdağ), İsmayıllı, Quba və Naftalan yeni il dövründə ən çox seçilən istiqamətlərdir. Bu zonalarda həm ailəvi istirahət, həm də qış idmanları üçün geniş imkanlar mövcuddur. Otel qiymətləri isə mövsümün pik dövrü olduğundan adi günlərə nisbətən daha yüksəkdir. Hazırda Şahdağ və Qəbələdə 4–5 ulduzlu otellərin qiymətləri gecəlik təxminən 150–300 AZN, daha sadə otellərdə isə 70–120 AZN arasında dəyişir: "Regiondan kənarda, azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlər Gürcüstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir. Gürcüstan, xüsusilə Qudauri və Bakuriani qış kurortları ilə böyük maraq doğurur. Burada gecəlik otel qiymətləri 60–150 dollar aralığındadır. Gürcüstan həm yaxın olması, həm də sərfəli qış istirahəti təklif etməsi ilə seçilir. Türkiyə həm isti hava axtaranlar, həm də qış turizmi sevənlər üçün ideal istiqamətdir. Antalyada yeni il dövründə “all inclusive” sistemli otellərin qiymətləri təxminən 100–200 dollar, Uludağ və Palandöken kimi qış kurortlarında isə 120–250 dollar civarındadır. Türkiyə qonaqpərvərliyi, xidmət səviyyəsi və uçuşların çoxluğu səbəbilə ilin son günlərində ən populyar ölkələrdən biri olaraq qalır. Yeni ildə isti hava və premium istirahət axtaranlar üçün Dubay, Abu Dabi və ümumilikdə BƏƏ ən yüksək tələbat olan istiqamətlərdəndir. Burada otel qiymətləri seçilən zonadan asılı olaraq gecəlik 120–350 dollar, lüks seqmentdə isə 500 dollar və yuxarı ola bilər. Bayram günlərində BƏƏ-nin turizm yükü maksimum olduğu üçün qiymətlər kifayət qədər yüksəlir.
Son illər Mərkəzi Asiya ölkələri - xüsusilə Qazaxıstan və Özbəkistan da bayram dövründə maraq doğurur. Bakıdan birbaşa reyslərin olması və tarixi-mədəni marşrutların zənginliyi bu istiqamətlərə olan tələbi artırıb. Otel qiymətləri isə digər xarici istiqamətlərlə müqayisədə daha sərfəlidir və gecəlik 50–120 dollar arasında dəyişir. Ümumilikdə, yeni il dövründə istirahət planlaşdıranlara məsləhət odur ki, həm uçuş, həm də otel rezervasiyasını mümkün qədər tez etsinlər. Çünki vaxt yaxınlaşdıqca həm qiymətlər artır, həm də yerlər sürətlə tükənir. Mövsümün pik dövrü olduğundan, planlaşdırmanı düzgün aparmaq həm büdcəyə qənaət etməyə, həm də daha keyfiyyətli istirahət seçməyə imkan verir".