Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək “Tofaş” markalı avtomobilinin naməlum şəraitdə qaçırıldığını bildirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S. Əliyev avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayonun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birindən 2 min 800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18 yaşlı Ə.Mürsəlov tutulub.
Bundan başqa, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən özəl şirkətlərin birinə məxsus ofisdən kondisioner oğurlanıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Z.Allahverdiyev, əvvəllər məhkum olunmuşlar - 49 yaşlı S.Səlimov və 37 yaşlı P.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Pirallahı rayonunda isə vətəndaşa məxsus evin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən 45 yaşlı R.Əbdülrəhmanov tutulub.
Faktlar üzrə araşdırmalar aparılır.