Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən “Çin Ziyarətçiləri Sammiti” (China Visitors Summit) keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir.
Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan ilə Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Çini Azərbaycandakı səfiri xanım Lu Mey bildirib ki, 1992-ci ildən başlayaraq Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edir.
"Çin ilə Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib. Bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. Bu kimi tədbirlər Çin ilə Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq", - deyə səfir vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və "i2i" şirkətinin icraçı direktoru Aleksander Glos bildiriblər ki, Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlıq sürətlə genişlənir, yeni səyahət paketləri və proqramlar sayəsində iki ölkə arasında turist mübadiləsi artır. Onlar, həmçinin yerli turizm və qonaqpərvərlik şirkətləri ilə birbaşa görüşlərin qarşılıqlı fayda yaratdığını və əməkdaşlığın gələcəkdə daha da gücləndiriləcəyini vurğulayıblar.
“China Visitors Summit” Çin turizm şirkətlərinin iştirakı ilə hər il dünyanın müxtəlif ölkələrində keçirilərək ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilən beynəlxalq platforma kimi çıxış edir. Bakıda ilk dəfə təşkil olunan tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Tədbir çərçivəsində Çin turizm şirkətlərinin Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlərinin təşkili və regional turizm potensialının tanıdılması planlaşdırılır.
Qeyd edək ki, 2024-cü il ərzində Çindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94 faiz artaraq 44 min 798 nəfərə çatıb. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı isə 57 min nəfərdən çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz artım deməkdir.
Son iki ildə Çinlə turizm əməkdaşlığını genişləndirmək məqsədilə genişmiqyaslı təbliğat və tanıtım tədbirləri həyata keçirilib, o cümlədən “Qyer.com, “Qunar” və “Trip.com Group” ilə əməkdaşlıq memorandumları imzalanıb. Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm imkanlarını “COTTM 2023”, “GITF 2024” və “ITB China 2025” sərgilərində, həmçinin Çinin müxtəlif şəhərlərində keçirilən təqdimatlarda nümayiş etdirilib. Çinli turizm şirkətləri ilə mütəmadi görüşlər keçirilib, “Wechat”, “Weibo”, “Qunar”, “C-trip”, “Fliggy”, “Douyin” və “Little Red Book” kimi platformalarda ölkəmizin aktiv təbliğatı aparılıb, blogerlərin səfərləri təşkil olunub. Növbəti il üçün Çində daha geniş media kampaniyaları, tanışlıq səfərləri və müxtəlif şəhərlərdə silsilə təqdimat tədbirlərinin keçirilməsi planlaşdırılır.