"YAP-ın 33 illiyi Azərbaycan dövlətçiliyinin əlamətdar tarixidir" - ŞƏRH OLUNDU

17 Noyabr 2025 13:27 (UTC+04:00)

"Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü təkcə siyasi bir təşkilatın yubileyi deyil, müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından birinin formalaşmasının qeyd olunduğu əlamətdar bir tarixdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, 1990-cı illərin çətin və ziddiyyətli dövründə - xaos, siyasi parçalanma və təhlükələr fonunda Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşən ziyalıların, ictimai-siyasi xadimlərin təşəbbüsü ilə yaranan YAP Azərbaycan üçün yeni mərhələnin başlanğıcını qoydu. O zaman bu qərar həm cəsarət, həm də böyük məsuliyyət tələb edirdi və tarix göstərdi ki, həmin addım Azərbaycan dövlətçiliyinin xilası üçün həlledici idi.

33 illik yol bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası yalnız seçkilərdə iştirak edən siyasi qurum deyil, dövlət idarəçiliyi mədəniyyətini formalaşdıran, milli təhlükəsizliyi təmin edən, ölkənin strateji inkişaf xəttini müəyyənləşdirən böyük siyasi məktəbdir. YAP-ın ən böyük gücü onun sabitlik fəlsəfəsi, milli həmrəyliyi təmin edən fəaliyyəti və hər zaman xalqla dialoqa əsaslanan siyasi xəttidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında partiya həm öz strukturunda, həm də ideoloji xəttində modernləşmə mərhələsinə qədəm qoyub. Bu gün YAP müasir çağırışlara uyğunlaşan, gənclərin ideyalarına açıq, rəqəmsal idarəçilik prinsiplərini dəstəkləyən və inkişaf strategiyasını real nəticələr üzərində quran bir siyasi təşkilata çevrilib.
Son 20 ildə ölkəmizin bütün sahələrdə - iqtisadi yüksəliş, sosial rifah, ordu quruculuğu, diplomatik mövqelərin güclənməsi, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi - əldə etdiyi nailiyyətlər YAP-ın siyasi xəttinin praktik təsdiqidir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və ondan sonrakı bərpa-quruculuq mərhələsi partiyanın dövlətçilik missiyasını bir daha nümayiş etdirdi.

Bu gün Yeni Azərbaycan Partiyası həm daxili islahatların siyasi dayağı, həm də Azərbaycanın beynəlxalq arenada müstəqil mövqeyini qoruyan güclü ideoloji platformadır. Partiya özündə həm təcrübəni, həm intellektual potensialı, həm də gənc nəsilin dinamizmini birləşdirir. Bu isə YAP-ın gələcək onilliklərdə də ölkənin siyasi həyatında aparıcı qüvvə olaraq qalacağını göstərir.

33 illik yubiley münasibətilə Yeni Azərbaycan Partiyasının bütün fəallarını, veteranlarını, minlərlə üzvünü və partiyanın rəhbərliyini - xüsusilə də Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu tarix hər birimizə həm qürur, həm də qarşıdakı mərhələlərdə daha böyük məsuliyyət hissi aşılayır. Azərbaycan dövlətinin inkişafı, sabitliyi və rifahı naminə partiyanın üzərinə düşən missiya davam edir və biz bu missiyanın icrasında qətiyyətlə irəliləyirik.