Yağışlı havalarda qəza riski daha çox artır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir. Təəssüflər olsun ki, yağışlı havalarda bəzi sürücülərin qaydalara əməl etməməsi səbəbindən paytaxt yollarında qəzalar baş verir. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, xüsusilə də yük avtomobillərinin iştirakı ilə qeydə alınan qəzaların təhlili göstərir ki, hadisələrin baş verməsinə əsas səbəb düzgün ara məsafəsinin saxlanılmaması və sürüşmə riskini nəzərə almadan nəqliyyat vasitəsinin sürətlə idarə edilməsidir. “Bu cür havalarda yollarda sürət aşağı düşdüyündən baş verən qəzaların və texniki nasaz avtomobillərin yolda qalması da yaranan nəqliyyat sıxlığının müddətinin artmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir”, - deyə məlumatda qeyd olunub.