Balakəndə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri həyata keçirilib - FOTOLAR

17 Noyabr 2025 13:20 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Balakən rayonunun kəndlərində qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin Gəncə–Daşkəsən, Mərkəzi Aran, Quba–Xaçmaz, Lənkəran–Astara, Abşeron–Xızı və Şəki–Zaqatala regional bölmələrindən ezam olunan əməkdaşlar Balakən rayonunun Poştbinə və Çorçorbinə kəndlərində monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı payız aylarında fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu dövrdə zərərverici əsasən qışlama məqsədilə yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.

AQTA əməkdaşları sakinlərlə birlikdə 100-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim edilib. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri də tədbirlərə dəstək göstəriblər. Görülən tədbirlər nəticəsində xeyli sayda zərərverici məhv edilib.

Bildirilib ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir. Vurğulanıb ki, beynəlxalq təcrübədə də qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Bu üsullara aldadıcı tələlər və süni yaradılmış qışlama sığınacaqları daxildir.

Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına mühüm töhfə verə bilər. Ən əsası bununla da bölgədə təsərrüfatlara dəyə biləcək iqtisadi itkiləri önləmək mümkündür.