"Ana südü körpə üçün bioloji olaraq mükəmməl qidadır. Süni qidalanma isə bəzi hallarda zəruri seçim olsa da, uzunmüddətli perspektivdə müəyyən riskləri artıra bilər". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, immun sisteminin zəifləməsi - Formula ana südündəki canlı immun hüceyrələrini, anticisimləri və qoruyucu faktorları əvəz etmir. Gələcəkdə tez-tez infeksiyalar, allergik xəstəliklər və ORVİ epizodları daha çox görülə bilər: "Obezite və metabolik sindrom riski - Formula ilə böyüyən uşaqlarda kalori yükü daha yüksək ola bilər və doyma siqnallarının formalaşması daha gec baş verə bilər. Bu isə uşaq və böyüklük dövründə artıq çəki, insulin müqaviməti və tip 2 diabet riskini artırır.
Allergiya və atopik xəstəliklər
Ana südündə bağırsaq baryerini qoruyan çoxlu bioaktiv molekullar var. Bu molekullar olmadıqda, formula ilə böyüyən uşaqlarda atopik dermatit, qida allergiyası və astma ehtimalı yüksələ bilər.
Bağırsaq mikrobiotasının fərqli inkişafı
Formula mikrobiomu dəyişdirə bilər. Bifidobakteriya və laktobasillər daha az, zərərli bakteriyalar isə daha çox ola bilər. Bu, immun sisteminin yetişməsi və metabolik sağlamlıq üçün uzunmüddətli risk yaradır.
Gələcək kardiometabolik risklər
Araşdırmalar göstərir ki, Formula ilə böyüyən uşaqlarda xolesterin balansı, qan təzyiqi və ümumi ürək-damar sağlamlığı ilə bağlı azacıq üstün risk müşahidə edilə bilər.
Diş sağlamlığında problemlər
Biberonla qidalanma, xüsusilə gecə yedizdirilməsi biberon kariesinə, çənə inkişafının gecikməsinə və diş düzümsüzlüyünə səbəb ola bilər.
Nevrokognitiv inkişaf fərqləri
Fərq böyük olmasa da, elmi işlər göstərir ki, ana südü alan uşaqlarda kognitiv inkişaf göstəriciləri bir qədər üstün ola bilər".