Mətləb Salahov: “Azərbaycan təkcə Cənubi Qafqazda deyil, artıq Mərkəzi Orta Asiya regionunda da mühüm aktora çevrilir”
“Son illər rəsmi Bakının Mərkəzi Orta Asiya ölkələri ilə əməkdaşlığı və bu bölgədə təsir imkanlarının artması durmadan artır. Yerləşdiyi bölgədə lider dövlət statusunda olan Azərbaycan iqtisadi və siyasi imkanları, habelə mühüm beynəlxalq siyasi proseslərdəki iştirakı ilə güc imkanlarını və siyasi etibarını da artırıb. Artıq Türk Dövlətləri Təşkilatında fəal iştirakı ilə Azərbaycan türk birliyi və həmrəyliyi ideyasına sadiqliyini nümayiş etdirir. Əlbəttdə, əməli işi ilə. Azərbaycan Prezidentinin son Özbəkistan səfəri, keçirilən görüşlər və əldə edilən nəticələr dediklərimizi tamamilə təsdiqləyən faktdır.”
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid geosiyasi və geoiqtisadi məkana çevrilməkdədir. “Bu proses həm region dövlətlərinin maraqlarını təmin edir, həm də daha geniş coğrafiyada – Avropa və Asiya arasında qarşılıqlı bağlılığı gücləndirir. Diqqət edək: hazırda Orta Dəhliz üzərindən yükdaşımalar sürətlə artır və Zəngəzur dəhlizinin açılması ilə bu rəqəmlər daha da yüksələcək. Artıq dəhlizin Azərbaycan hissəsində işlər artıq tamamlanmaq üzrədir.
Bu da ölkəmizin regional təsirini artırır. İşğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi üzrə genişmiqyaslı işlərdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini də unutmaq olmaz. Xüsusilə Füzuli və Ağdam ərazilərində Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən görülən işləri qeyd etmək yerinə düşərdi.
Bundan başqa, daha bir önəmli iqtisadi fakta diqqət edək. 15 milyon ton yükdaşıma qabiliyyətinə malik dəmir yolu Orta Dəhlizin mühüm arteriyasına çevriləcək. Bu isə artıq Azərbaycanın təkcə Cənubi Qafqaz regionunda deyil, habelə Mərkəzi Orta Asiya regionunda da nəqliyyat və logistika, tranzit daşımalar və iqtisadi güc baxımından mühüm aktora çevrildiyinə əyani sübutdur”.
Ayşən Vəli