Aviasiya sektorunda rəqəmsal həllərin tətbiqi xidmət keyfiyyətinin yüksəldilməsi və əməliyyatların optimallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. SİA xəbər verir ki, bu fikri “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin müşaviri Əfqan Baxışov Bakıda keçirilən Qlobal Gənclər Günü çərçivəsində çıxışı zamanı səsləndirib.
O bildirib ki, mürəkkəbləşən hava nəqliyyatı sistemləri və artan uçuş sayları fonunda süni intellekt və innovativ texnologiyalar olmadan effektiv idarəetməyə nail olmaq mümkün deyil: “Artıq hava məkanımız genişlənir, uçuş marşrutları artır. Bu isə daha çox dispetçer və mütəxəssis tələb edir. Lakin praktiki olaraq bu cür fəaliyyətin yalnız əl üsulu ilə idarəolunması mümkün deyil. Süni intellekt əsaslı həllər bizə daha dəqiq, sürətli və az resursla işləmək imkanı yaradır”.
Əfqan Baxışov əlavə edib ki, təyyarə parkının idarəolunması, texniki xidmət və hissələrin yenilənməsi sahəsində də rəqəmsal sistemlər mühüm rol oynayır: “İndi ICC həlləri vasitəsilə uçuş aparatlarının hansı detallarının nə vaxt dəyişdirilməli olduğu barədə əvvəlcədən məlumat ala bilirik”.
O, həmçinin hava limanlarında “ağıllı aeroport” konsepsiyasının tətbiqinə diqqət çəkib: “Biz artıq Azərbaycanda smart aeroport modeli üzərində çalışırıq. Sərnişinlər prosesi ənənəvi yoxlamalar olmadan, daha rahat və texnoloji mühitdə keçmək istəyirlər. ICC həlləri burada əsas rol oynayır. Milyonlarla baqajın çeşidlənməsi də yalnız bu sistemlər vasitəsilə mümkün olur”.
Əfqan Baxışov vurğulayıb ki, yanacaq sərfiyyatının azaldılması və karbon izinin minimuma endirilməsi üçün də süni intellekt texnologiyalarından istifadə edilir:“Aviasiya sahəsində yanacaq sərfiyyatı həm iqtisadi, həm də ekoloji aspektdən önəmlidir. ICC həlləri bu prosesləri optimallaşdırmaqda böyük rol oynayır”.
Sonda o, gənclərə müraciət edərək onların texnoloji dəyişimin əsas aparıcı qüvvəsi olduğunu bildirib:“Bizim nəsil internet və süni intellekt dövründən əvvəl doğulub, lakin siz rəqəmsal dünyaya doğulmusunuz. İndi növbə sizindir - düşünün, yaradın, tətbiq edin”.