BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hücumu qınayıb. SİA BMT-yə istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik ənənəvi olaraq keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, BMT-nin Baş katibi Ukraynanın genişmiqyaslı raket və dron zəbələrinə tutulmasını və bunun nəticəsində Kiyevdə 6, Çernomorsk şəhərində isə 2 mülki şəxsin həlak olmasını qətiyyətlə pisləyir.
S.Dujarrik nəzərə çatdırıb ki, raket hücumları zamanı çoxsaylı mülki obyektlərə, enerji infrastrukturuna və Azərbaycan Respublikasının səfirliyinə ciddi ziyan dəyib. Qeyd edib ki, mülki infrastrukturun və diplomatik nümayəndəliklərin atəşə tutulması beynəlxalq humanitar hüquqa ziddir və yolverilməzdir.
BMT rəsmisi vurğulayıb ki, Baş katib çağırış edərək atəşin tamamilə dayandırılmasını, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tanınmasını, beynəlxalq hüququn və BMT-nin nizamnaməsinin bərqərar olmasını istəyir.