YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir...

14 Noyabr 2025 18:45 (UTC+04:00)

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu” adlı tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdən əvvəl Konservatoriyanın inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin, həmçinin bir neçə gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 33 il bundan əvvəl - 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu qeyd edib. Rektor Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizi daim irəliyə apararaq və önəmli nailiyyətlərə imza ataraq ümumxalq etimadı qazandığını vurğulayıb.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, 2020-ci ildə qazandığı şanlı Zəfəri və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, qazanılan uğurların əsasında dövlət başçısının milli maraqlara əsaslanan məqsədyönlü siyasəti və xalq-iqtidar birliyi dayanır.

Sonra çıxış edənlər ölkəmizdə mədəniyyət sahəsində görülən işlər və qazanılan uğurlardan, həmçinin ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının mənəvi dəyərlərə və dövlət mənafelərinə əsaslanan fəaliyyətindən bəhs ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş konservatoriya əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbirin sonunda bədii hissə təqdim olunub, xatirə şəkli çəkdirilib.