“Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan yeni geosiyasi və iqtisadi platforma son illərin regional proseslərində mühüm strateji xəttə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə bu əməkdaşlığın həm mahiyyətini, həm də perspektivlərini açıq şəkildə nümayiş etdirir. Azərbaycanı Mərkəzi Asiyadan fiziki olaraq ayıran Xəzər dənizi, əslində, siyasi, iqtisadi və mədəni müstəvidə birləşdirici məkandır. Tarixi-mədəni yaxınlıq, ortaq milli-mənəvi dəyərlər və qarşılıqlı etimad regionda çoxölçülü əməkdaşlığın davamlı inkişafını təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.
O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı bu inteqrasiyanın siyasi təməlinin güclənməsinə xidmət edir: “Son üç ildə qarşılıqlı lider səfərlərinin sayı tərəflər arasında əlaqələrin dinamikasının miqyasını göstərir. Xüsusilə Orta Dəhlizin yüksələn əhəmiyyəti həm nəqliyyat-logistika sahəsində, həm də geoiqtisadi əməkdaşlıqda yeni imkanlar yaradır və Azərbaycan bu marşrutun strateji qovşağı kimi mühüm rol oynayır.
Özbəkistan-Azərbaycan münasibətləri bu regional əməkdaşlığın ən parlaq nümunəsidir. Xalqları birləşdirən tarixi köklər və mənəvi yaxınlıq, iki dövlət rəhbərləri arasında formalaşmış şəxsi etimad münasibətləri siyasi dialoqu daha da gücləndirib. Qısa müddətdə imzalanan müttəfiqlik sənədləri, 2025–2029-cu illəri əhatə edən Yol Xəritəsi və Ali Dövlətlərarası Şuranın yaradılması əlaqələrin institusional əsasını möhkəmləndirib. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək və Qarabağın bərpasına töhfə olaraq Füzulidə məktəb inşa etməsi qardaşlıq münasibətlərinin real təzahürüdür.
İqtisadi-ticari əlaqələrdə də əhəmiyyətli irəliləyiş müşahidə olunur. 2024-cü ildə ticarət dövriyyəsinin 252 milyon dollara çatması və növbəti il üzrə sürətli artım tərəflərin iqtisadi inteqrasiyaya verdiyi önəmin göstəricisidir. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması qeyri-neft sektorunda birgə layihələrin yeni mərhələsinə şərait yaradır. Energetika, yüngül sənaye, transit-logistika infrastrukturu, xüsusilə də Xankəndidə birgə müəssisənin fəaliyyətə başlaması iki ölkənin iqtisadi əməkdaşlığının praktiki nəticələridir.
Nəqliyyat sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Tranzit yüklərinin həcminin bir il ərzində 18 faizdən çox artması, həmçinin ölkələr arasında müntəzəm hava reyslərinin artması regiondaxili inteqrasiyanın sürətləndiyini göstərir. Azərbaycanın liman və dəmir yolu infrastrukturu, eləcə də gələcəkdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Mərkəzi Asiya üçün əlavə logistik imkanlar formalaşdırır.
Mədəni-humanitar əməkdaşlıq iki ölkə arasında qardaşlıq münasibətlərinin ən canlı sahəsidir. Mədəniyyət günləri, şəhərlər arasında qardaşlaşma layihələri, Bakıda “Özbəkistan” parkının salınması və Daşkənddə Heydər Əliyev meydanı kimi dostluğu , qardaşlığı simvolizə edən addımlar xalqlar arasında yaxınlığı daha da möhkəmləndirir. Bundan əlavə, iki ölkənin media və QHT-ləri arasında əməkdaşlıq platformalarının yaradılması ictimai diplomatiyanın güclənməsinə mühüm təkan verir.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin sadəcə iki ölkə çərçivəsində deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi, regional sabitlik və geoiqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından strateji çəkisini bir daha ortaya qoyur. Bu əməkdaşlıq modeli siyasi etimad, tarixi yaxınlıq və müasir çağırışlara cavab verən praqmatik yanaşmalar əsasında regionda yeni bir strateji inkişaf və təhlükəsizlik arxitekturasının mühüm seqmentlərini formalaşdırır”.