“Kənd və şəhər mühitlərində insanların sosial davranışlarında ciddi fərqlər ötən dövrlərdən bu günə qədər mövcuddur. Bu fərqlər əsasən yaşayış məkanlarının ölçüsü, əhali sıxlığı və insanların bir-birini tanıma səviyyəsi ilə bağlıdır. Kəndlərdə ərazilər nisbətən kiçik olduğuna görə insanlar bir-birini tanıyır, aralarında sıx qonşuluq və qohumluq münasibətləri olur. Bu isə onların sosial münasibətlərinə birbaşa təsir edir. Məsələn, kəndlərdə insanlar küçədə rastlaşanda bir-biri ilə mütləq salamlaşır. Şəhərlərdə isə insanlar çox olduğu və bir-birilərini tanımadığı üçün belə davranışlara nadir hallarda rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq, əməkdar jurnalist Mətanət Məmmədova deyib.
O bildirib ki, kənd və şəhər mühitində sosial davranışların fərqli formalaşmasına təsir edən əsas amillər insanların bir-birini tanıma səviyyəsi, sosial nəzarətin gücü və adət-ənənələrə münasibətdir. Urbanizasiya bu fərqləri artırır və kənd mühitinin sosial strukturunu dəyişməyə davam edir. Bu isə gələcəkdə sosial münasibətlərdə daha dərin dəyişikliklərə yol aça bilər.
Milli bayramlar, toy və yas mərasimləri kimi ailəvi və ictimai tədbirlərdə də bu fərqlər açıq şəkildə hiss olunur. Kəndlərdə adət-ənənələrə daha çox sadiqlik var. Toy adətləri, bayramlaşma və digər mərasimlər burada daha canlı şəkildə yaşadılır. Bu, həm də insanların "utanmaq", "qınaqdan çəkinmək" kimi sosial nəzarət vasitələrinə daha çox məruz qalması ilə əlaqəlidir. Məsələn, kənd yerlərində toya dəvət edilən şəxs iştirak etmədikdə, sabahkı qarşılaşma zamanı utanmaq hissi yaşaya bilər. Yas mərasimlərində də iştirak məcburiyyəti bu kimi sosial münasibətlərdən qaynaqlanır.
Novruz bayramında da bu fərqliliklər aydın görünür. Kəndlərdə insanlar bir-birinə baş çəkir, bayramlaşır, tongal ətrafında toplaşır, milli oyunlar oynayır. Şəhərlərdə isə bu ənənələr ya formal şəkildə qeyd olunur, ya da ümumiyyətlə yoxa çıxır. Şəhər həyatında insan münasibətləri yadlaşır, yüksəkmərtəbəli binalarda qonşular arasında əlaqə zəifləyir.
Şəhərlərdə sosial nəzarətin zəifləməsi, yadlaşma və anonimlik ailədaxili münasibətlərə də təsir edir. Bu gün daha çox şəhərlərdə valideyn-övlad arasında konfliktlərə, zorakılığa rast gəlinir. Kəndlərdə isə ictimai qınaq və kollektiv nəzarət bu cür halların qarşısını qismən də olsa alır. Orada övladın valideynə qarşı səssiz danışması belə sosial qınağa səbəb olur”.