Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 14-də Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, qəbuldan öncə nazir Məcnun Məmmədov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayon icra hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, torpaq sahəsinin ayrılması, baytarlıq xidmətlərinin göstərilməsi, güzəştli şərtlərlə kredit ayrılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra nazir Məcnun Məmmədov 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyində “Əməkdaşların tanınma proqramı” çərçivəsində keçirilmiş sorğu əsasında seçilmiş DAİM əməkdaşlarını təşəkkürnamələrlə təltif edib.