Mərkəzi Gömrük Hospitalında üçəm körpələr dünyaya gəlib

14 Noyabr 2025 16:42 (UTC+04:00)

13 noyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında sevinc dolu bir hadisə baş verib — burada sağlam üçəm körpələr dünyaya gəlib. Yeni doğulan balacaların biri oğlan, ikisi isə qızdır. Doğuş yüksək peşəkarlıqla, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin yüksəkixtisaslı mama-ginekoloqu Raziyyə Tapdıqova, Neonatologiya şöbəsinin rəisi, uzman neonatoloq-pediatr Telman Aytayev, neonatoloqlar Minazər Abdullayeva, Aygün Sadıxova, baş tibb bacısı Sevda Abbasova tərəfindən həyata keçirilib.

Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Raziyyə Tapdıqova və neonatoloq Minazər Abdullayevanın verdiyi məlumata görə ana və körpələrin səhhəti qənaətbəxşdir, balacalar xüsusi nəzarət altında saxlanılır.

Mərkəzi Gömrük Hospitalının müasir tibbi avadanlıqlarla təchiz edilmiş Doğum və Neonatologiya şöbəsində ana və körpələr üçün təhlükəsiz, rahat və yüksək standartlara cavab verən şərait yaradıb. Şöbə ən son texnologiyalı inkubatorlar, monitorinq sistemləri, reanimasion avadanlıqlar və neonatal baxım üçün zəruri olan bütün tibbi vasitələrlə təmin olunub.

Hospitalda çalışan təcrübəli mama-ginekoloqlar, neonatoloqlar və tibb bacıları doğuşdan sonrakı prosesin hər mərhələsini diqqətlə izləyir, həm ana, həm də körpələr üçün fərdi yanaşma tətbiq edirlər. Bu şərait sayəsində ana və üçəm körpələr özlərini tam təhlükəsiz mühitdə hiss edir və bərpa prosesini rahat şəkildə davam etdirirlər.
Mərkəzi Gömrük Hospitalında dünyaya gələn üçəm körpələri və onların valideynlərini ürəkdən təbrik edir, sağlam və xoşbəxt bir gələcək arzulayırıq!