Cəmiyyətdə “mental dəyərlər” adı ilə qorunan elə düşüncə formaları var ki, bunlar artıq dəyər deyil – insanın beyninə vurulan paslı mismarlardır. Onların bəzisi köhnə evdən qalmış zir-zibil kimidir: illərdir yığılır, atılmır, amma evin içində yer də qoymur, nəfəs də.
Bu gün “mental dəyər” adı ilə müdafiə edilən çox şey gerçəkdə cəmiyyəti geri çəkən, insanların həyatına qarışan, azadlığı boğan, insanı özü olmamağa məcbur edən bir mexanizmə çevrilib. Bu mexanizmin bir qayəsi var: kimin necə düşünəcəyini, necə yaşayacağını, necə sevəcəyini, necə danışacağını diktə etmək.
Əslində bu, dəyər yox, tiranlıqdır. Üstəlik, çox güclü şəkildə gizlədilmiş bir tiranlıq.
Cəmiyyətdə hər yeni fikrə, hər fərqli səsə, hər qeyri-adi davranışa bir anda hücum çəkilir. Sanki kiminsə borcudur başqasının həyatına qarışmaq. “Ayıbdır”, “nə deyərlər”, “böyük belə deyir”, “bizim mentalitetimiz belədir” – bunlar hamısı insanları susdurmağın, boğmağın, standartlaşdırmağın alətləridir.
Bu mental dəyərlərin ən təhlükəli tərəfi isə odur ki, onlar yenilikdən qorxur. Dəyişiklik adı gələn kimi sanki kiminsə əlindən oyuncağını alırlar. Halbuki dəyişməyən dəyər bir müddətdən sonra dəyər deyil – tormoz olur. Bizim cəmiyyət on illərdir həmin tormozun altında əzilir.
“Ənənələrimizi qoruyuruq” deyənlər əslində çox vaxt cahilli, qapalılığı, qorxunu qoruyurlar. Gənclərin azadlığı “hörmətsizlik” kimi təqdim edilir, qadının seçimi “biabırçılıq”, kişinin emosiyası “zəiflik”, fərqli düşünmək isə “yoldan çıxmaq” sayılır. Bu dəyərlərin çoxu insanı insan edən heç bir şeyə xidmət etmir – yalnız nəzarət və məhdudiyyət yaradır.
Daha acınacaqlısı odur ki, bu mental dəyərlər çox vaxt zorakılığı, şəxsi həyata müdaxiləni, təhqiri, alçaltmanı “normal” kimi təqdim edir. Ərin arvadı döyməsi? “Ailənin iç məsələsidir.” Qızın təhsildən saxlanması? “Belə gəlib, belə gedib.” Gəncin seçiminə qarışmaq? “Valideyn haqlıdır.” Bunlar dəyər deyil – cəmiyyətin üstünü ört-basdır etdiyi problemlərdir.
Biz illərlə bu “dəyərlər”ə sığındıq deyə, nə inkişaf edə bildik, nə də rahat nəfəs aldıq. Mental dəyərlər adı ilə insanın üzərinə qoyulan bütün bu məhdudiyyətlər, əslində, bir toplumun potensialını öldürən gizli silahdır.
İndi sual budur: biz hələ nə qədər bu paslanmış qaydaların içində sürünəcəyik? Hələ nə qədər “elə gəlib, elə gedəcək” deyə özümüzü aldadacağıq? Hələ nə qədər köhnəlmiş davranışlara “dəyər” deyib, geridə qalmağımızı özümüzə bəraət qazandıracağıq?
Əslində, dəyişməyən tək şey bizim bu dəyişməyə qarşı qorxumuzdur.
Cəmiyyət o vaxt irəli gedəcək ki, mental dəyər adı ilə qorunan bütün köhnə və zərərli qaydaların üzərinə kimsə səs-küylə yox, cəsarətlə gedə bilsin.
Müəllif: İlkin Məmmədkərimov