Azərbaycanda xarici supermarket şəbəkələri niyə fəaliyyət göstərmir? - İQTİSADÇI AÇIQLADI

14 Noyabr 2025 16:29 (UTC+04:00)

“Azərbaycanda ərzaq qiymətlərinin baha olmasının bir çox səbəbləri var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, ən böyük səbəb rəqabət mühitinin olmamasıdır: “Xarici supermarket şəbəkələrinin Azərbaycanda fəaliyyət göstərməməsinə gəldikdə isə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyil. 1998-ci ildə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı danışıqlar getdi. Ancaq Azərbaycan müxtəlif bəhanələrlə bu təşkilata üzv olmadı. Gürcüstan və Ermənistan isə 2000-ci illərin əvvəllərindən Ümumdünya Ticarət Təşkilatına üzv oldu. Qazaxıstan isə 2015-ci ildə bu təşkilata üzv oldu. Ümumiyyətlə Orta Asiya ölkələrinin hamısı Türkmənistanı çıxmaq şərti ilə Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Xarici supermarketlərin ölkəyə buraxılmamasının və ərzaq qiymətlərinin digər ölkələrlə müqayisədə həddən artıq baha olmasının səbəblərindən biri budur.

Yəni beynəlxalq ticarət qaydalarına əməl etmək üçün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır ki, xarici oyunçular bazara daha rahat şəkildə girə bilsin. Azərbaycanın isə öz oyun qaydaları var. Xarici şirkətlər ölkədə fəaliyyət göstərərkən, müəyyən problemlərlə qarşılaşırlar. Məsələn, vergilərin tez-tez dəyişdirilməsi, oyun qaydalarının tez-tez dəyişdirilməsi, gümrük rüsumlarının yüksək olması xarici şirkətlərin bazara daxil olmasına imkan vermir. Azərbaycanda ərzaq məhsullarının gömrük rüsumu 15%-dir. Ancaq Gürcütanda gömrük rüsumu 5%-dir. Bütün bunlar ərzaq qiymətlərinin baha olmasına təsir göstərir. Təbiiki bu ciddi problemdir. Ölkəyə məhsul gətirən şirkətlərin sayı çox azdır və onların qiymətlərə diktə etmək imkanları var. Bu məsələ ilə bağlı təssüfki ciddi tədbirlər görülmür”.

Müəllif: İlkin Məmmədkərimov