“Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə tarixi köklər, mədəni əlaqələr, dini-mənəvi dəyərlər, milli adət-ənənələr birləşdirdiyi üçün bu dövlətlər daim sağlam münasibətlərdə olmuş, bir-birlərinə dəstək vermişlər. Bu ənənələr hazırki dövrdə uğurla davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, Mərkəzi Asiya ölkələri rəhbərlərinin son illərdə milli mənafelərin qorunması, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi üçün birgə yollar axtarır, tale əhəmiyyətli məsələlərdə eyni mövqeydən çıxış edirlər:
“Azərbaycan-Özbəkistan əməkdaşlığı, dövlət rəhbərləri və xalqlar arasında dostluq və qardaşlıq münasibətləri bu baxımdan dünya ölkələrinə bir nümunə ola bilər.
Dövlətimizin rəhbəri cənab İlham Əliyev Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə səfəri ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirmişdir ki, “Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək müttəfiqlik səviyyəsindədir”.
7-ci Məşvərət görüşü əlbəttə münasibətlərin yaxşılaşdırılmasına, əlaqələrin möhkəmləndirilməsinə yeni bir təkan verəcəkdir. Qeyd edildiyi kimi qardaş xalqlar arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə sıx əlaqələr mövcuddur. Ölkəmizdə təxminən 120 Özbəkistan investisiya kommersiya təşkilatı qeydiyyatdan keçmişdir. Əmtəə dövriyyəsi keçən yanvar-sentyabr ayları ilə müqayisədə bu il 87.5 faiz artmışdır. Özbəkistan-Azərbaycan iqtisadiyyatına 21.8 milyon ABŞ dolları, Azərbaycan qardaş ölkənin iqtisadiyyatına 183.5 milyon ABŞ dolları sərmayə qoymuşdur. Nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi yaxşı nəticələrini göstərməkdədir.
İqtisadi-siyasi, mədəni əlaqələrin yüksək səviyyəyə çatdırılması dövlətlərə və xalqlara yüksək rifah, təhlükəsizlik, xoşbəxt gələcək bəxş etməklə, daha böyük uğurlara imkan yaradır və insanları bir məqsəd uğrunda daha da birləşdirir”.