"YAP milli dövlətçiliyin dayaqlarından biri oldu" - ŞƏRH EDİLDİ

14 Noyabr 2025 16:05 (UTC+04:00)

"1992-ci ildə Naxçıvanda keçirilən məşvərət yığıncağında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi sistemində mühüm hadisəyə çevrildi. Bu partiya çoxpartiyalı sistemin inkişafında və siyasi partiyaların fəaliyyətində yeni bir nümunə yaratdı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü prinsiplər, milli maraqlara əsaslanan siyasi tezislər və partiya proqramında əks olunan müddəalar qısa müddətdə geniş xalq marağına səbəb oldu. Bu isə partiyaya kütləvi şəkildə qoşulmaların artmasını təmin etdi. Lakin bu proses yalnız ideoloji əsaslarla deyil, həm də Heydər Əliyev kimi böyük dövlət xadiminin partiyaya rəhbərlik etməsi ilə bağlı idi.

1990-cı illərin əvvəllərində Azərbaycan xalqı xaosdan, vətəndaş qarşıdurmasından və idarəolunmazlıqdan çıxış yolu axtarırdı. Xalq dərk edirdi ki, ölkəni bu vəziyyətdən yalnız təcrübəli, xalqını və dövlətçiliyi dərindən tanıyan bir lider – Heydər Əliyev xilas edə bilər. Qısa müddətdə Yeni Azərbaycan Partiyası müxtəlif sosial təbəqələri və demoqrafik qrupları özündə birləşdirən güclü siyasi təşkilata çevrildi. Bu, Azərbaycanın siyasi tarixində təşkilatlanma baxımından yeni mərhələ idi. 1992-ci ilə qədər ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar nə xalqın maraqlarını təmsil edə bilir, nə də ictimai şüurda möhkəm yer qazana bilirdi.

Yeni Azərbaycan Partiyası yaranmasından cəmi altı ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və 15 iyun tarixində Milli Məclisin sədri seçildi. Bu tarixdən sonra partiyanın inkişafında yeni bir mərhələ başlandı. Təşkilatlanma, demokratik dəyərlərə sadiqlik, insan hüquqlarının qorunması və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Yeni Azərbaycan Partiyası milli gücün və intellektual potensialın cəmləşdiyi bir mərkəzə çevrildi. Bu da dövlətə güc verən əsas amillərdən biri oldu. Beləliklə, partiya qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Milli dövlətçilik tariximizin 1992-ci ildən bu günə qədər olan mərhələsi əslində Yeni Azərbaycan Partiyasının da tarixi yoludur. Həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə Yeni Azərbaycan Partiyası xalqla bir yerdə olmağı, xalqın partiyası kimi fəaliyyət göstərməyi əsas prinsip olaraq davam etdirdi.

Bu gün Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvlərdən ibarət siyasi yetkin bir ordusu formalaşıb. Azərbaycan xalqı haqlı olaraq fəxr edə bilər ki, bu partiya 1992-ci ilin ağır şərtlərində Heydər Əliyevin müəyyən etdiyi nizamnamə prinsiplərinə sadiq qalaraq bu gün də həmin siyasi xətti davam etdirir. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub. Dövlətimiz güclü və nüfuzlu bir ölkəyə çevrilib, beynəlxalq münasibətlər sistemində artan nüfuza sahibdir.