"İstedadın aşkarlanması erkən yaşdan başlamalıdır" - AYDINLIQ GƏTİRİLDİ

14 Noyabr 2025 14:38 (UTC+04:00)

"Təhsildə şəxsi marağın aşkarlanmasının hansı yaşdan başlaması və uşağın istedad yönümlü inkişafı üçün beynəlxalq təcrübədə müəyyən normativlər və ölçülər mövcuddur. İstedad yönümlü inkişaf da həmin çərçivələrə uyğunlaşdırılır. Azərbaycana gəldikdə isə istedad yönümlü inkişaf üçün müəyyən sistem təklif oluna bilər". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, lakin hazırda bizdə erkən yaşlardan istedadın aşkarlanması istiqamətində ciddi, sistemli bir iş aparılmır: "Adətən planlaşdırma daha çox böyük yaş dövrü üçün nəzərdə tutulur. Məsələn, liseylərə qəbul prosesi artıq yetkinlik yaşına yaxın — yəni 7-ci sinifdən sonra başlayır. Ona görə də Azərbaycanda istedadların nə vaxtdan aşkarlanmağa başlandığını müəyyən etmək bir qədər çətindir.

Əgər bu sahədə bir proqram hazırlanarsa və ümumtəhsil məktəblərində tətbiq olunarsa, o zaman istedadlı uşaqların aşkarlanması üçün seleksiya aparmaq və onları müxtəlif təmayüllər üzrə yönləndirmək mümkün olar. Təəssüf ki, hazırda bu praktika bizdə yoxdur".