Keçmiş MI6 rəisi Putinin Ukrayna planları ilə bağlı xəbərdarlıq edir...

14 Noyabr 2025 19:53 (UTC+04:00)

...Britaniya Xarici İşlər Nazirliyinin Gizli Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri Riçard Mur bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh müqaviləsi bağlamaq niyyətində deyil və qonşu ölkəni Moskvaya tabe etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, Mur Bloomberg-ə verdiyi müsahibədə bildirib ki, “...Hazırkı şəraitdə - və mən bunu bir neçə həftə əvvəl aldığım kəşfiyyat məlumatlarına əsaslanaraq deyirəm - Putin razılaşmaya hazır deyil. Onun sözlərinə görə, Rusiya prezidenti üçün müharibə "yalnız ərazi məsələsi deyil, həm də dominantlıq və Ukraynanı Belarusa bənzər bir şeyə çevirmək məsələsinə çevrilib”.

MI6-nın keçmiş rəhbəri qeyd edib ki, Putin hazırda ABŞ da daxil olmaqla Qərb ölkələrini manipulyasiya etməyə çalışır.

...O, kəşfiyyat zabitidir. Mən belə insanları tanıyıram. O, bizi özü üçün əlverişli bir vəziyyətə salmaq üçün manevr etməyə çalışır və biz onu cilovlamalı və bunun qarşısını almalıyıq.

Bunu deyən Murun fikrincə, Qərb Ukraynanın müharibədə qalib gəlməsinə kömək etməsə, bu, Çinin hərəkətlərinə təsir edəcək, çünki Çin lideri Si Cinpin Rusiya-Ukrayna münaqişəsinə müttəfiqlərinin reaksiyalarını "çox diqqətlə" izləyir.

Mur xəbərdarlıq edib ki, Si Cinpin Qərbi "Ukraynaya qarşı zəif" hesab edərsə, Tayvanı ələ keçirməyə cəhd edə bilər. O bildirib ki, Ukraynaya əlavə dəstək olaraq Qərb ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməli, Rusiya ərazisinə uzun mənzilli zərbələrə icazə verməli, ölkənin müdafiə sənayesinin maliyyələşdirilməsinə kömək etməli və həmçinin Rusiya daxilində Putinə "daha böyük təzyiq" göstərməlidirlər.

...Bunun dərhal nəticə verəcəyini gözləmirəm. Səbirli olmalıyıq, Mur vurğulayıb ki, Qərb "iradə mübarizəsini" Rusiyaya uduzmamalıdır.

Xatırladaq ki, Mur sentyabr ayında MI6 rəhbəri vəzifəsindən istefa verdi. MI5-də əks-kəşfiyyatın keçmiş rəhbəri Bleyz Metreveli xidmətin yeni rəhbəri təyin edildi.

Britaniya kəşfiyyatının qiymətləndirməsi, Prezident Donald Trampın sülh danışıqlarına vasitəçilik etmək cəhdlərinə baxmayaraq, Putinin müharibəni davam etdirmək və döyüş meydanında qələbə qazanmaq üçün "hər zamankindən daha qətiyyətli" olduğunu bildirən son ABŞ kəşfiyyat məlumatları ilə üst-üstə düşür.

ABŞ kəşfiyyatı qeyd edib ki, Putin Rusiyanın qonşu ölkəyə tammiqyaslı işğalından bəri çəkdiyi insan və maliyyə itkilərini əsaslandırmaq üçün Ukrayna ərazisi üzərində nəzarəti möhkəmləndirməyə çalışır.

Əli Babayev