Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir rayonunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda müşavirə keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.
Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürüblər.
Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.