Şəkidə “Mənşə sertifikatı” altmodulundan istifadəyə dair görüş keçirilib

14 Noyabr 2025 12:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sahibkarlarla maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, növbəti görüş qurumun 13 saylı regional bölməsinin əhatə etdiyi rayonlarda (Şəki, Qax, Zaqatala, Balakən) fəaliyyət göstərən biznes subyektləri üçün təşkil olunub.

Görüşdə malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” altmodulunun funksionallığı və təqdim etdiyi üstünlüklər barədə ətraflı məlumat diqqətə çatdırılıb.

Görüş zamanı “Mənşə sertifikatı” alt modulundan istifadə qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib, sahibkarların malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Mənşə sertifikatı” altmodulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi yutub kanalı və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin “Mənşə sertifikatlarının alınması üçün müraciət” altbölməsi vasitəsilə tanış olmaq mümkündür.