Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakı şəhərində səfərdə olan Qırğızıstan Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev, Türkiyənin Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu və Taylandın Konstitusiya Məhkəməsinin hakimi Noppadon Teppitakın sədrlik etdiyi nümayəndə heyətləri ilə görüş keçirilib. Bu barədə SİA-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, görüşdə sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verib, məhkəmələr arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Sədr qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlərdə təcrübə və fikir mübadiləsi ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin daha da dərinləşməsinə, məhkəmə-hüquq əməkdaşlığının daha da möhkəmlənməsinə və gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Qonaqlar Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə bir daha öz təbriklərini ifadə edib, beynəlxalq konfransın uğurlu və səmərəli keçdiyini vurğulayıb, Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək qonaqpərvərliyə və səmimi qəbula görə bir daha minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı geniş fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.