Azərbaycan güləş yığmalarının baş məşqçiləri İslamiadaya hazırlığı qiymətləndiriblər

14 Noyabr 2025 11:30 (UTC+04:00)

Azərbaycanın güləş üzrə milli komandaları sabah İslam Oyunlarında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşəcək. Federasiyadan SİA-ya bildirilib ki, səfər ərəfəsində yığmaların baş məşqçiləri ilin son mötəbər yarışına hazırlıq prosesini dəyərləndiriblər.

Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Xetaq Qazyumov hazırlığın plan üzrə davam etdiyini söyləyib: “Dünya çempionatından sonra iki təlim-məşq toplanışı keçirdik. Əvvəlcə fiziki və gücə əsaslanan hazırlıq, ardından isə taktiki-texniki çalışmalar aparıldı. Yoxlama görüşlərində idmançıların hazırkı durumunu qiymətləndirdik. Şükürlər olsun ki, heyətdə zədəli güləşçimiz yoxdur. Ümid edirik ki, azarkeşlərin etimadını doğruldacağıq. İslam Oyunları böyük yarış olduğundan əlavə motivasiyaya ehtiyac yoxdur. Eşitdiyimə görə, Ər-Riyada hava çox istidir. Bu baxımdan həm də iqlimlə mübarizə aparmalı olacağıq. Əsas rəqibimiz İran millisi olacaq. Legionerlərdən ibarət Bəhreyn və Albaniya, həmçinin Türkiyə yığmaları da ciddi rəqiblər sırasındadır. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey istədiyimiz kimi olacaq”.

Yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Aleksandr Tarakanov isə bildirib ki, ilboyu keçirilən təlim-məşq prosesləri komandada forma ilə bağlı problem yaradmayıb: “Dünya çempionatından sonra idmançılar dincəldilər. Zədəsi olanlar bərpa prosesindən keçdi. Daha sonra ümumi fiziki hazırlığa başladıq. Noyabrın 1-dən iki həftəlik taktiki-texniki məşqlər həyata keçirdik. İlin sonu olduğu üçün yorğunluq hiss olunur, buna görə son günlər yüngül və qısamüddətli məşqlərə üstünlük veririk. Yarışda əsas rəqibimiz İran olacaq. Onlar İslamiadaya əsas heyətlə qatılırlar. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyə yığmalarını da güclü rəqiblər kimi görürük. Bütün rəqiblərin son görüşlərini izləyib təhlil edirik, üzərində işlədiyimiz məqamlar var. Rəqiblər də bizi öyrənir, buna görə maksimum hazır olmalıyıq”.

Qadın güləşi üzrə yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov bildirib ki, əsas hədəf ən azı bir dəst medal qazanmaqdır: “İslam Oyunlarına hazırlığı başa vurmuşuq. Məşqlər əvvəlcə fiziki, daha sonra taktiki-texniki istiqamətdə aparıldı. Toplanış Göygöldə təşkil olunmuşdu. Bütün idmançılarımızın medal qazanmasını arzulayıram. İdmanda sürprizlər həmişə mümkündür: favorit olmayan idmançı çempion ola, iddialı güləşçi isə medalsız qala bilər. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan əsas rəqiblərimizdir. Nigeriya da bəzi çəki dərəcələrində güclü idmançılara sahibdir. Məşqçi heyəti olaraq komandamızın maksimal hazırlıq səviyyəsinə çatması üçün bütün imkanlarımızı səfərbər etmişik”.

Qeyd edək ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.