Proqramın iştirakçıları Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti ilə tanış olublar - FOTOLAR

14 Noyabr 2025 10:34 (UTC+04:00)

Gənclərin ekoloji savadlılığını artırmaq, təbiət elmlərinə maraqlarını təşviq etmək və iqlim prosesləri barədə praktiki biliklərini dərinləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində iştirakçılar üçün Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil edilib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ekskursiya çərçivəsində gənclər əvvəlcə Hidrometeoroloji Muzeyi ziyarət ediblər. Onlara ölkəmizdə hidrometeorologiya sahəsinin tarixi inkişaf mərhələlərini əks etdirən meteoroloji cihazlar, müxtəlif ölçmə alətləri, arxiv fotoşəkillər haqqında ətraflı məlumat təqdim olunub.

Daha sonra iştirakçılar Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Burada müasir hava proqnozlaşdırma sistemlərinin iş prinsipləri, erkən xəbərdarlıq xidmətinin əhəmiyyəti, radar məlumatlarının emalı prosesi və hidrometeoroloji məlumatların toplanması, təhlili və proqnozların hazırlanması mexanizmi gənclərə izah edilib.

Ekskursiya interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Sessiya zamanı iştirakçılar iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə mövzularında mütəxəssislərlə fikir mübadiləsi aparıblar.