İrlandiya X platformasını araşdırır

14 Noyabr 2025 08:22 (UTC+04:00)

İrlandiyada amerikalı milyarder İlon Maskın sahibi olduğu X sosial platforması ilə bağlı araşdırma başlanılıb. Araşdırma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının (Digital Services Act – DSA) tələblərinə uyğunluğun yoxlanılması məqsədi daşıyır. Bu qanun onlayn platformalara qanunsuz və zərərli kontenti bloklamaq öhdəliyi qoyur. Əgər DSA-nın pozulması faktı müəyyən olunsa, sosial şəbəkəyə şirkətin qlobal illik dövriyyəsinin 6 faizi həcmində cərimə tətbiq oluna bilər. Bu barədə “Bloomberg” xəbər verir.

Çərşənbə günü dərc olunan açıqlamada İrlandiyanın media və internet üzərində nəzarət orqanı olan “Coimisiún na Meán” bildirib ki, onun X şirkətinin DSA tələblərini pozması ilə bağlı narahatlığını “HateAid” qeyri-kommersiya təşkilatı da bölüşür. “HateAid” 2023-cü ildə berlinli bir tədqiqatçı adından X-ə qarşı iddia qaldırmışdı, belə ki, həmin tədqiqatçının platformaya girişi dəfələrlə məhdudlaşdırılmışdı.

Tənzimləyici qurum sosial şəbəkənin kontent moderasiyası ilə bağlı qərarların apel¬lyasiyaya vermək imkanı olmadığı barədə xəbərləri, həmçinin platformanın şikayətlərin emalında daxili sistemlərə çıxışla bağlı problemləri araşdıracaq.

“İstifadəçinin qanunsuz və ya platformanın qaydalarına zidd olan məzmun barədə məlumat vermək, eləcə də platformanın qərarından şikayət etmək hüququ DSA-nın təməl prinsiplərindən biridir”, – deyə qurumun rəqəmsal xidmətlər üzrə komissarı Con Evans bəyan edib.

O qeyd edib ki, bu araşdırma X platformasının istifadəçiləri onların şikayətlərindən sonra qəbul edilən qərarları mübahisələndirmək (apel-lyasiya etmək) hüququ barədə lazımi qaydada məlumatlandırıb-məlumatlandırmadığını müəyyən etməyə imkan verəcək.

Bu, İrlandiya tənzimləyicisi tərəfindən DSA çərçivəsində aparılan ilk rəsmi araşdırmadır.

DSA-nın müddəalarına əsasən, 45 milyondan çox istifadəçisi olan “böyük onlayn platforma” statusu X-dən daha sərt hesabatlılıq və məlumat şəffaflığı üzrə standartlara əməl etməyi tələb edir.