Texniki xidmət üçün Xorvatiyaya yola düşən Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki yanğınsöndürmə təyyarəsindən biri qəzaya uğrayıb. Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı təyyarənin qalıqlarının tapıldığı və bir pilotun həlak olduğu məlumatı paylaşıb. SİA xəbər verir ki, “AT-802” tipli bu, iki yanğınsöndürmə təyyarəsi planlaşdırılmış texniki xidmət çərçivəsində noyabrın 12-də saat 10:24-də Türkiyənin Çanaqqala vilayətindən Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb.
Meteoroloji şəraitə görə təyyarələr gecəni Reyeka hava limanında keçirib və noyabrın 13-də Türkiyə saatı ilə 17:38-də Zaqreb hava limanına getmək məqsədilə yenidən havaya qalxıblar.
Lakin hava şəraitinin əlverişsiz olması səbəbi ilə hər iki təyyarənin geri qayıtmasına qərar verilib. Qayıdış marşrutu zamanı təyyarələrdən biri Reyeka hava limanına təhlükəsiz şəkildə enib, digər təyyarə ilə Türkiyə saatı ilə 18:25-də radio əlaqəsi kəsilib. Nazir təyyarənin qalıqlarının aşkarlandığını bildirib.